Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.
Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklonnaya qora" bölgəsində keçirilən tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərə mənsub minə yaxın müsəlman iştirak edib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova tədbirin iştirakçılarına təşəkkürünü bildirib və İslam dəyərlərinin Azərbaycanın milli mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevrildiyini qeyd edib. O bildirib ki, Azərbaycan iqtisadi, siyasi və mədəniyyət sahəsində liderlik mövqeyinə malik olmaqla yanaşı, həm də dünyada multikulturalizmin mərkəzi hesab olunur.
"Poklonnaya qora"dakı məsciddə hər il Azərbaycan diasporunun nümayəndələri və digər müsəlmanlarla birlikdə müqəddəs Ramazan ayını qeyd etmək ənənəsi yaranıb. İldən-ilə Heydər Əliyev Fondu müsəlmanlar üçün iftar süfrəsinin təşkilində fəal iştirak edir", - deyə Fondun nümayəndəsi bildirib.
Moskva müsəlman məktəbinin direktoru Ənəs Həzrət Məmmədov iştirakçıları Ramazan ayı münasibətilə təbrik edib, tədbirə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib və bu hadisənin Moskvada yaşayan azərbaycanlılar və bütün müsəlmanlar üçün vacib olduğunu bildirib.
"Ramazan çadırı" layihəsinin təşkilatçıları dini-mənəvi dəyərlərə yüksək qiymət verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış "Vətən ruhu" videoçarxı nümayiş etdirilib, Moskva müsəlman məktəbinin tələbələri dini şeirlər səsləndirib, Moskva Dövlət Konservatoriyasının azərbaycanlı tələbələri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
İftara qədər Azərbaycandan olan din xadimi Müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra müsəlmanlar iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 16 ildir ki, Moskvada təşkil olunan "Ramazan çadırı" layihəsində iştirak edir. "Ramazan çadırı" Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.