Azərbaycanın növbəti diplomatik uğuru; Soçi görüşü

 

No description available.

Soçidə 2021-ci il 26 noyabr tarixində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü baş tutdu. Qeyd edək ki, bu ayın 16-da Azərbaycan-Ermənistan sərhədində toqquşma yaşanıb. Azərbaycan ordusu sərhəd toqquşmasında 7 əsgərini şəhid verdi. Mütəmadi olaraq atəşkəsin pozulması və Ermənistan tərəfindən davam edən təxribatlar Bakı ilə İrəvan arasında ciddi gərginlik yaşadır.

Bu gərginlikdən sonra Avropa İttifaqı dekabrın 15-də Brüsseldə baş tutacaq Şərq Tərəfdaşlığı sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın qarşılıqlı görüşü üçün təşəbbüs irəli sürdü. 23 noyabr tarixində isə Kreml iki liderin Vladimir Putinlə görüşəcəyini açıqladı. Burada önəmli məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən görüş Aİ tərəfindən təşəbbüs kimi irəli sürülüb. Aİ sadəcə olaraq Şərq Tərəfdaşlığı sammitindən istifadə edərək tərəflərə görüş imkanı təklif edib. Soçi görüşü isə bir növ formatdır. Bu format nəticəsində 10 noyabr bəyanatı qəbul edilib. Bu bəyanatda da məlum olduğu kimi atəşkəs və digər məsələlər öz əksini tapıb.

2021-ci il 11 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Moskva bəyanatından sonra Azərbaycan və Ermənistan arasında baş nazirlərin müavinləri səviyyəsində bir neçə dəfə görüş keçirildi. Ermənistan isə daha sonra görüşlərdən imtina etdi. Çünki artıq Zəngəzur dəhlizinin necə reallaşacağı, həmçinin  sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı konkret məsələlərin müzakirəsi həyata keçirilirdi. Ermənistanın hər zamankı  şovinist siyasəti səbəbindən bu cür vacib problemlərin hələ də həllini tapmaması Soçi görüşünü zəruri edirdi. Problemlərin uzadılmaması və nəticələrin əldə edilməsi üçün Ermənistana açıq təzyiqlərin həyata keçirilməsi vacib idi.

No description available.

26 noyabr tarixində baş tutan Soçi görüşünün nəticələrini Azərbaycan tərəfi üçün uğurlu qiymətləndirmək olar. Görüş zamanı prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan ilə Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Prezident İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik.

Soçi görüşünün nəticəsi olaraq imzalanan üçtərəfli bəyanata əsasən sərhədlərin demarkasiyası üçün ikitərəfli komissiya yaradılacaq. Bəyanatda  Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməkliyi göstərəcəyini bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da bildirilir ki, 26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib.

 Bəyanatın mətnində “Qarabağ” sözünün işlənməməsi danışıqların yalnız Ermənistan-Azərbaycan münasibətləri ətrafında aparıldığına işarədir. Bəyanatda “Dağlıq Qarabağın statusu” barədə də danışılmır. Paşinyanın qaldırdığı “hərbi əsirlər” məsələsi də yekun sənəddə əksini tapmayıb. Erməni tərəfinin iddia etdiyi digər məsələ - Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı səsləndirdiyi fikirlər də sənəddə əks olunmayıb. Belə ki, Paşinyan üçtərəfli görüşdə çıxışı zamanı bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində böhranlı vəziyyətin yaranmasından, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə daxil olmasından şikayətlənsə də, yekun mətbuat konfransında bu mövzuya da toxunulmayıb. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşdə Putinin “Qarabağda sülhməramlılarımız müsbət rol oynayır, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəal işləyir” ifadəsi həm Türkiyənin artan nüfüzuna, regionda sabitliyin bərpa olunmasındakı aktiv roluna verilən qiymət idi, həm də Türkiyənin regiondakı mövcudluğundan qıcıqlanan, hər vasitə ilə sərsəm iddialarla Türkiyəni regiondan uzaqlaşdırmağa çalışan Ermənistana və ermənipərəst qüvvələrə çox ciddi bir mesaj idi.

Tərəflər, həmçinin kommunikasiyaların açılması üçün Moskvada üçtərəfli komissiyanın iclasını keçirmək barədə razılığa gəldilər. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın hər vəchlə qarşı çıxdığı Zəngəzur dəhlizi reallaşacaq. Soçi görüşünün nəticələrinə dair keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin dəfələrlə "dəhliz" ifadəsini səsləndirməsi Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana və oradan da Türkiyəyə çıxış almasını nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasının Moskva tərəfindən də dəstəkləndiyini nümayiş etdirir. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun həyatında mühüm əhəmiyyət daşıyacaq. Həmçinin Ermənistan da Zəngəzur dəhlizindən faydalanacaq, özü özünü saldığı izolyasiyadan çıxacaq. Regional əməkdaşlığa qoşulmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edəcək. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğurudur. Bu reallıqlar kontekstində hələ də bəzi qüvvələr işğalçı Ermənistanın təxribatlarına, sərsəm bəyanatlarına dəstək verərək guya problemin həll edilmədiyi, status məsələsinin gündəmdə olduğu barədə əsassız müzakirələrə yol açır, bununla da hadisələrin gedişatına təsir etməyə çalışırlar. Unudulmamalıdır ki, Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün 30 ilə yaxın bir müddət ərzində səbrlə danışıqlara davam etdi. Bu danışıqların bir nəticəsi olmadıqda 44 gün kifayət etdi ki, işğalçı Ermənistana layiq olduğu dərs verilsin. Bununla da Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini bütün dünyaya təqdim etdi. Bu gün reallıq başqa cürdür. Ermənistan qəbul etməsə də kapitulyasiyasını bəyan edib. Azərbaycan öz haqlı, beynəlxalq hüquqa əsaslanan prinsiplərini əsas götürərək diqtə edən tərəfdir. 

                                                                                                   Nailə Tağızadə

2021-11-29 / 11:26
Facebook