2009-cu ildə türk qapısı qədim Naxçıvanda təsis edilən Türk Şurası ötən 12 ildə böyük inkişaf yolu keçib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 7-yə çatıb, daha 2 dövlət – Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb.
Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilib və aşağıdakı kimidir:
- tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
- regionda və dünyada sülhün bərqərar edilməsi;
- xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
- beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
- ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
- ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
- hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
- elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi.
Şuranın baş katibliyi İstanbulda, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Ankarada, Türkdilli Ölkələrin Parlament Assambleyası Bakıda, Beynəlxalq Türk Akademiyası Nursultanda yerləşir.
2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrillməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar beynəlxalq inteqrasiya baxımından mühüm amildir. Türk Şurası mühüm regional missiya həyata keçirib, bundan sonra isə Türk Dövlətləri Təşkilatı da eynilə Avropa İttifaqı kimi beynəlxalq missiya daşıyacaq. “Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Müasir türk dünyası qərbdə Monteneqrodan şərqdə Monqolustana qədər 160 milyon insanın yaşadığı nəhəng coğrafiyanı əhatə edir. “Türk zolağı”nın qonşuluğunda yerləşən Avropa Birliyi, Rusiya, Belarus, Ukrayna, Ermənistan kimi ölkələrdə əhali azalmağa davam etdiyi halda, türklər sürətlə çoxalırlar. Türk Dövlətləri Təşkilatı müasir dünyada baş verən siyasi proseslər gedişində regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi; kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi; hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi dünyada sülhün və təhlükəsizliyin təminatı baxımından əhəmiyyətlidir. Türk Şurasının VIII Zirvə Görüşündə “Türk Dünyası 2040 Vizyonu” təsdiq edildi. Sammitdə dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini imzaladılar. Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma bu baxımdan xüsusilə maraq doğurur. Bu, türk dünyasının beynəlxalq maliyyə qurumlarından asılılığının azalmasına dəstək verməklə yanaşı, iqtisadi inkişafın daha sürətlə getməsini təmin edəcək.
Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması türk dövlətlərinin Azərbaycan xalqına tarixi Qarabağ Zəfərinin təbrikidir. Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsini şərtləndirən əsas amil onun dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi düşmənin ərazilərimizdən qovulmasındakı rolu, beləliklə də türk dünyasının istənilən təcavüzkarı cəzalandırmaq qüdrətində olduğunu sübuta yetirməsidir. Liderlər bu tarixi qərarla bir daha bütün dünyaya nümayiş etdirdilər ki, türk dünyası birdir, həmrəydir, sabitlik və inkişaf yolunda qətiyyətlidir. Çünki Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, regionda yeni münasibətlər sferasının, sülh və inkişaf platformasının qurulması və təminatı deməkdir. Bu möhtəşəm Qələbənin məntiqi nəticəsi kimi açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığı və inteqrasiya proseslərini daha da gücləndirəcək. Qarabağ zəfəri tarixi ədalətin bərpa olunması, türk birliyinin daha da güclənməsi deməkdir. Ölkə başçısı bu münasibətlə çııxışında bildirdi ki: “İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”. “Türk Dünyasının Ali Ordeni” mükafatını bütün xalqımızın qazandığını bildirməklə Azərbaycan Prezidenti onun üçün vətəndaşlarımızın iradəsindən yüksək amalın olmadığını bir daha təsdiqlədi.
2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının tarixi Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdı” deməklə bu acı həqiqəti bütövlükdə beynəlxalq ictimaiyyətə çatdırmış, Zəngəzur dəhlizinin reallaşma zəruruiliyini vurğulamışdı. 11 il sonra 44 günlük tarixi zəfərimizlə Zəngəzur xülyası artıq reallığa çevrildi. Zəngəzur dəhlizinin açılması ilə türk dünyası arasında qırılan əlaqə bərpa olunacaq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatının cəlbediciliyini artıracaq və üzv ölkələrin imkanları yeni layihələrin ortaya çıxmasına təkan verəcək. Beləliklə də, 160 milyonluq əhalinin yaşadığı türk dövlətlərinin vahid tranzit və iqtisadi inkişaf məkanı yaranacaq. Azərbaycanın qələbəsi nəticəsində açılacaq Zəngəzur dəhlizi vasitəsilə türk coğrafiyasını bütünləşməsi digər bir tarixi şansdır. Bunun sayəsində Avropa ilə Asiya arasındakı 3 trilyon dollarlıq nəhəng ticarət dövriyyəsinin daha çox hissəsi türk dövlətlərinin ərazisindən keçəcək. Bundan sonrakı perspektiv nəqliyyat, enerji, ticarət, iqtisadiyyat üzrə əməkdaşlığın güclənməsi olacaq. Gələcəkdə ən perspektivli sahə olan gömrük ittifaqı və sərbəst ticarət zonası da yaradılacaq. Siyasi baxımdan isə, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər bir mövqedən çıxış edəcəklər. Bu da üzv dövlətlərə siyasi-diplomatik üstünlük verəcək, müdafiə-təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə sıxlaşacaq.
Türk Dövlətləri Təşkilatının türk millətinə və dövlətlərinə xeyirli, düşərli olmasını arzulayırıq. Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir!
Nailə Tağızadə