8 noyabr - Şanlı zəfər tariximiz

 

No description available.

30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Həmin dövrdə dövlət başçısı bir sıra çıxışlarında, müsahibələrində də xüsusi vurğulayırdı ki, Ermənistan müharibəyə hazırlaşır. Lakin hər zamankı ikili standartlar nəticəsində bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq olunmurdu.

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün konkret faktlarla təcavüzkarı ifşa etdi. 2020-ci il 17 noyabr tarixində Füzuli şəhərində çıxışı zamanı Prezident xüsusi vurğulamışdı: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".

Ordumuzun sentyabrın 27-də Qa­rabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qu­badlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.

Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr   noyabrın 8-də Qaraba­ğın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır... Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.

Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində də bir daha statusla bağlı iddialara sərt şəkildə cavabını verdi: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır". Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan, Rusi­ya prezidentlərinin və Ermənistan baş nazirinin arasında əldə edilən məlum razılaşma Azərbaycanın ərazi bütövlü­yünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyırdı, eyni zaman­da, bəyanatla Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıva­nın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilirdi. Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən Kəlbəcər, Ağdam və Laçın rayonlarını işğalçılardan təmizləməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirdi. Böyük si­yasi, diplomatik, hərbi səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi.

Qazanılan mütərrəqi zəfərlə: - ərazi bütövlüyümüz təmin edildi; - ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; - milli birliyimiz daha da möhkəmləndi; - BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; - yalançı erməni uydurmaları ifşa olundu; - Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı.

Bu gün Qarabağ böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub. İşğalçı qüvvələr Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Azərbaycanlılara məxsus yaşayış evlərinin, inzibati binaların və digər tikililərin inşasında istifadə olunan materiallar sökülərək Azərbaycanın işğal səbəbindən nəzarət edə bilmədiyi sərhədlərdən İrana, Ermənistana daşınıb. İşğal dövründə 67 məsciddən 65-i dağıdılmış, digərlərində isə donuz, inək saxlanılmışdı. Bu, əslində, bəzi qüvvələrin İslam dünyasına yüksək səslə bağırdıqları “həmrəyliyin” saxta pafos və ritorikadan başqa bir şey olmadığını göstərir. 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltıç yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub. Avropa şirkətinin fəaliyyəti nəticəsində Oxçuçay çirkləndirilib və ekoloji fəlakət mühiti yaranıb. Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilə biləcək ekoloji fəlakətin qarşısının alınması deməkdir.

2021-ci il 12 aprel tarixində Bakı şəhərində möhtəşəm zəfərimizin təntənəsi olan Hərbi Qənimətlər Parkının açılışı oldu. Hərbi Qənimətlər Parkında müharibə zamanı düşməndən götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Buradakı eksponatlar arasında işğaldan azad olunmuş ərazilərdə ermənilərdən qənimət kimi götürülmüş 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri və Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlar qazanılan Zəfərin nə qədər çətin və şərəfli olduğunu göstərir. Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən Hərbi Qənimətlər Parkı müzəffər Ordumuzun gücünün, Azərbaycan xalqının iradəsinin, birliyinin təcəssümüdür. Bu park müharibənin miqyasını və qələbəmizin möhtəşəmliyini göstərir. Parkın açılışı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti dərs oldu. Park, həmçinin revanşist arzularla yaşayan qüvvələr üçün növbəti “Dəmir yumruq” xəbərdarlığıdır.

Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir və verməlidir. İstər şəhid ailələri, istərsə də qazilərimiz hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ müharibənin ilk vaxtlarından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır.

“Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında  güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!

                                                                                                  Nailə Tağızadə

2021-11-08 / 22:26
Facebook