Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məhşur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki müstəqil xanlıq – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Nadir şahın sarayında eşikağası vəzifəsini tutmuş Pənahəli xan 1738-ci ildə Qarabağa qayıtmış, 1748-ci ildə isə müstəqil Qarabağ xanlığının əsasını qoymuşdur.
Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası müdafiə tələblərinə tam cavab verdiyindən Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.
İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.
XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalandı. Bununla da Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu və dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin bura köçürülməsinə başlandı. Bu fakt onu göstərir ki, ermənilərin Qarabağa dair ərazi iddiaları əsassızdır. Çünki əgər ermənilər Qarabağ xanlığında yaşayıb, vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı. Rus İmperiyası dövründə Dağlıq Qarabağın demorafiyasını dəyişmək üçün 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisi köçürülüb.
Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə Azərbaycanın inzibati-ərazi bölgüsü kobudcasına pozulmuşdu. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da Dağlıq Qarabağ termini meydana çıxmışdır. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilsə də, az sonra 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilərək bolşevik maskası geyinmiş, 1918-ci il martında azərbaycanlılara qarşı soyqırımın rəhbəri olan S.Şaumyanın şərəfinə “Stepanakert” adlandırılmışdı. Bununla da, Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu.
Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
1979-cu il yanvarın 12-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev daim bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.
XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilmişdi.
Ermənistanda Nikol Paşinyan Baş nazir vəzifəsinə seçildikdən sonra Şuşa daha çox vurğulanmağa başladı. 2019-ci il il 9 may tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşada şəhərin ələ keçirilməsinin 27-ci ildönümünü qeyd etmək üçün düzənlənən məclisdə yallı gedənlərə qoşuldu. Bu, Bakının qəzəbinə səbəb oldu. Müharibə dövründə, Azərbaycan Prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibələrinin birində bu epizodu xatırlamışdı: "Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı". Ötən il mayın 21-də Şuşada separatçı "DQR"-in yeni "prezidenti"nin andiçmə mərasiminin keçirilməsi Azərbaycanda kəskin reaksiya yaratdı. Bu, bardağı daşıran son damla oldu. 2021-ci il 14 yanvar tarixində Şuşaya səfər edən dövlət başçısı bu məsələyə bir daha toxunaraq ermənilərə dərsini vermişdi: "Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi və mental əlaqəsi olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən ermənilər mütləq şəkildə cəzalarını almalı idi."
44 günlük Vətən müharibəsi başladığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşa xəbərini gözləyirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi milləti belə düşünməyə vadar edirdi. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı bu məsələyə toxunmuşdu: “Şuşasız bizim işimiz yarımçıq qalar”. Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Ordumuzun bu şanlı qələbəsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.
Şuşa şəhərinin azad edilməsi hərbçilərimizin daha çox xüsusi təyinatlı hazırlığı və qələbəyə olan dərin inamla səciyyələndirilir. Şuşada heç bir yüksək texnoloji vasitələrdən istifadə edilməyib, sadəcə yaxın döyüşlərdə, əlbəyaxa, bıçaq və fərdi silahların tətbiqi ilə şəhər azad olunub. Hərbçilərimiz sıldırım qayalıqlardan, düşmənin gözləmədiyi istiqamətlərdən dərinliklərə sızma edərək şəhər döyüşlərində özünün şücaətini göstərib. Şuşa alınmaz qala idi. Bu qala pilotsuz uçuş aparatından, dəqiq vuran raket və uzaqvuran artilleriyadan istifadə edilmədən alınıb. Xüsusi təyinatlı qüvvələrimizin göstərdiyi peşəkarlıq, cəsarət, rəşadət nəticəsində Şuşanın azad edilib. Bu hadisə hərb tarixinin ən şanlı səhifələri arasında yer alır. Ali Baş Komandan Şuşa döyüşlərindən danışarkən Azərbaycan Ordusunun şəhəri necə qəhrəmanlıqla işğaldan azad etməsinin təfərrüatlarını açıqlamışdı: "Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır... Deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm k, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunlarının hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayət qədər əsas verir".
Şuşanın azad olunması bütün torpaqlarımızın azadlığı demək idi. Şuşanın azad edilməsilə ordumuz Xankəndinin 2-3 kilometrliyinə yaxınlaşdı. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən isterik vəziyyətə düşdü. Şuşanın azad olunmasının elan edilməsindən sonra Ermənistan məcbur qalaraq üçtərəfli bəyanatın imzalanmasına razılıq verdi. Bundan sonra dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın rayonlarının azad olunmasına razılaşdı. Ermənistanın bu rayonların azad olunmasına razılıq verməsi və bölgədən çəkilməsi strateji olaraq qiymətləndirilə bilər. Ermənilər Şuşanın azad olunması ilə anladılar ki, onların son ümid yerləri belə yoxdur və oradan çəkilmək məcburiyyətindədirlər.
Şuşa döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü və qüdrətini göstərdi. Xüsusi təyinatlılarımızın peşəkarlığı və mərdliyi bütün dünyaya səs saldı. Peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Şübhə yox ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Hətta bir çox ölkələrin aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərinin sirrlərini açmaq üçün araşdırmalar aparır, dünyanın XXI əsrdə belə döyüşlərə şahidlik etmədiyini söyləyirlər.
Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu.
Şuşa, həmçinin əlverişli təbiəti və füsunkar mənzərəsi ilə fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir. 2021-ci il 7 may tarixində Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Bu, Şuşamızın tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Çünki Şuşa milli qürurumuzun, mənliyimizin özüdür. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. 29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu. Bundan sonra hər il “Xarıbülbül” festivalı Şuşada keçiriləcək. 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Şuşanı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir. Bütün bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar öz doğma yurdlarına qayıdırlar.
Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı bayrağı bu gün Qarabağın döyünən ürəyində - Şuşada dalğalanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Nailə Tağızadə