Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib və bu tədbirlər davam etməkdədir. 44 günlük şanlı zəfərimizdən sonra həyata keçirilən bütün bu təminatları vahid sistem halında həyata keçirmək zərurəti yarandı. Vətən müharibəsi dövründə xalqımız, bütün vətəndaşlarımız öz imkanları çərçivəsində əsgərlərimizə, şəhid ailələrinə dəstək olmağa çalışırdı. Döyüşlərin davam etdiyi günlərdə evində yemək bişirib əsgərlərimizə göndərən, isti paltarlar alıb hərbçilərimizə yollayan nə qədər insanlarımızı gördük. Hər kəs çalışdığı qədər əsgərlərimizə, şəhid ailələrinə, qazilərimizə dəstək göstərdi. Belə bir həssas dönəmdə Fondun yaradılması və onun mərkəzləşmiş formada təşkil olunması çox önəmli idi. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. “YAŞAT” Fondu Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsidir. Bu gün “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir. Fondun yaradılması haqqında fərmanda qeyd olunduğu kimi, şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin Fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılıb. Şəffaf formada fəaliyyət göstərən bu Fond sayəsində yardımlar mərkəzləşmiş şəkildə toplanaraq lazımi ünvanlara, ehtiyacı olanlara çatdırılır.
“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir. Yashat.gov.az portalı 8 yanvar 2021-ci il tarixindən istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (noyabrın 2-nə kimi olan hesabata əsasən) ümumi 63 688 918.89 manat vəsait daxil olub. Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 45 756 125.1 milyon manat məbləğində vəsait xərclənib. 17 932 793.79 milyon manat məbləğində isə qalıq vəsait qalıb.
Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 16063 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 10264 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 7812 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 154 şəhid ailəsi üzvü və yaralı; borc öhdəliklərinin qarşılanması – 1459 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 5266 şəhid ailəsi üzvü və yaralı.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir. Həmçinin Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsinə Türkiyə və İsraildən gələn həkimlər də cəlb olunub.
“YAŞAT” Fondu yarandığı gündən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmalarına, onların əmanətlərinə - övladlarına xüsusi diqqətlə yanaşır. Bu baxımdan, Fondun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi təqdirə layiqdir. Belə ki, müharibədən sonra dünyaya yeni göz açan şəhid övladlarının adına 5000 AZN-lik hesab açılıb, 1000 AZN isə analara təqdim olunub. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanır və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara bilər. Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara bilər. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
“YAŞAT” Fondu tərəfindən qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər davam etdirilir.
Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər. Bizə qələbə yaşadanları yaşatmaq bizim borcumuzdur!
Nailə Tağızadə