Şanlı ordumuzun Füzuli zəfəri

 

No description available.

1993-cü il avqustun ortalarında havadarlarına arxalanan Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu bir həftə sonra, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalı ilə nəticələndi. Hər iki rayonun mülki əhalisinin bir hissəsi daxil olmaqla maddi və mədəni sərvəti məhv edildi, təbii ehtiyatları talan edildi, yaşayış və ictimai bina fondu vəhşicəsinə dağıdıldı. Füzulinin işğal edilərək darmadağın edilməsi ilə dünya növbəti erməni vandalizminin şahidi oldu. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyuldu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşdü.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. 1386 kvadratkilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox olub. Füzuli Qarabağ müharibəsində ən çox itki və şəhid verən rayonlardan biri olub. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri atasız-anasız qalıb.

 Ümummilli lider Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən sonra ciddi hərbi-təşkilati tədbirlər həyata keçirilmiş, noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırılmışdı. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kəndi düşməndən təmizləndi. Rayonun işğal altında qalan digər hissəsi isə şanlı ordumuzun sentyabrın 27-də başladığı uğurlu əks hücum əməliyyatları nəticəsində azad edildi. 17 oktyabr 2021-ci il tarixində ordumuz Füzuli şəhərini öz doğma sahiblərinə geri qaytardı. Hələ 2016-cı il aprel döyüşlərində ordumuz Lələtəpə yüksəkliyini azad etməklə cənub istiqamətində hücuma keçmək üçün ideal bir imkan qazanmışdı. Bu vəziyyət Vətən müharibəsində Füzulinin işğal altındakı kəndlərinin azad edilməsində mühüm əhəmiyyət daşıdı.

Azad edilən ərazilərdə kifayət qədər çox sayda texnika və sursat qoyub geri çəkilən düşmən bütün istiqamətlər üzrə, xüsusilə də Füzuli rayonu ərazisində canlı qüvvə baxımından ciddi itkilərə məruz qaldı. Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi hissələrinin maddi texniki təminatı Füzuli rayonundan həyata keçirilirdi. Hadrutda isə hələ SSRİ vaxtından silah anbarlarının yerləşməsi məlum idi. Silahlı Qüvvələrimiz bu istiqamətdə hakim yüksəklikləri, təchizat və magistral yol qovşaqlarını ələ keçirməklə düşmənin ehtiyat qüvvələrinin manevr imkanlarını və təchizat qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdı. Füzuli istiqamətində azad edilən ərazilər isə artıq Azərbaycan Ordusuna Cəbrayıl-Füzuli magistral yonuna nəzarət etməyə imkan yaratdı. Ermənistanın cənub qruplaşmasının tam darmadağın edilməsi məhz bu yolun bağlanması ilə başlandı. Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açdı. 24 iyun 2021-ci il tarixində “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş 11365 hərbi qulluqçu medalla təltif edildi.

2020-ci il 16 noyabr tarixində işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər edən Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldıraraq Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Qeyd edək ki, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihə idi. 2021-ci il 14 yanvar tarixində isə dövlət başçısı tərəfindən Füzuli hava limanının təməli qoyuldu. Təməlqoyma mərasimində çıxış edən ölkə başçısı bildirdi ki: "...  Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil." Dövlət başçısının vədi yenə özünü doğrultdu və çox qısa bir müddətdə - 5 sentyabr 2021-ci il tarixində Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin təyyarəsi ilə sınaq uçuşu həyata keçirildi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından havaya qalxan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus nəhəng “Qarabağ” sərnişin təyyarəsi Füzuli Beynəlxalq Aeroportuna eniş etdi. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsi ilə yüklər çatdırıldı. 30 sentyabr 2021-ci il tarixində “Haber Global”a müsahibəsində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək. “Füzulidəki hava limanı tamamlanmaq üzrədir. Bu yaxınlarda onun açılışı da keçiriləcək. Həmin açılışa prezidentimiz də qatılacaq”, - deyə İ.Kalın bildirdi. Son məlumatlara əsasən, Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Füzuliyə səfər edəcəklər. Belə ki, Prezidentlər Şuşa şəhərinin azad olunmasının birinci ildönümündə Füzuli hava limanının açılışını edəcəklər. Bu isə deməyə əsas verir ki, yaxın vaxtlarda iki qardaş ölkə prezidenti bu cür əlamətdar bir açılışda iştirak edərək dünyaya yenidən birlik və qardaşlıq mesajı verəcəklər.

Füzuli hava limanı Qarabağın dünyaya açılan hava qapısına çevriləcək. Bu hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir. Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu isə xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan da vacibdir.

Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir. İqtisadçı ekspertlər də hesab edirlər ki, Füzulidə, Laçında və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regionun aparıcı mərkəzlərinə çevrilməsinə imkan yaradacaq. Qarabağda və Şərqi Zəngəzurda aeroportların inşası bir də ona görə əhəmiyyətli hadisədir ki, bu layihələr  işğaldan azad edilmiş ərazilərimizdə xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına yeni  imkanlar yaradacaq. Nəticədə işğaldan azad olunmuş torpaqların abadlaşması və sürətlə qurulması prosesi gerçəkləşəcək.

Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi. Bu gün Füzuli artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. İran ilə sərhəddə yeləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhvə vermə imkanlarına malik olacaq. Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir.

Füzuli də Qarabağın digər bölgələri kimi dirçəlir, canlanır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı  bayrağı bu gün Qarabağda dalğalanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

                                                                                                   Nailə Məmmədova

2021-10-17 / 10:06
Facebook