Ermənistanın insanlıq əleyhinə cinayətləri

 

No description available.

Tarix boyu əzəli Azərbaycan torpaqlarını yiyələnməyə çalışan , öz mənfur və saxta niyyətlərini həyata keçirmək ümidilə yaşayan ermənilər zaman-zaman bu istəklərini reallaşdırmaq üçün fürsət qazanmışlar.  XX əsrin sonlarında da SSRİ-nin çökməsi, yeni münaqişə ocaqlarının yaranması “Böyük Ermənistan” xülyası ilə çırpınan ermənilərin aktivləşməsinə şərait yaradırdı.

1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb bir vəziyyət yaranmışdı. “Türksüz Ermənistan” şüarı altında mübarizəyə qalxan erməni millətçiləri azərbaycanlıları  öz dədə-baba yurdlarından zorla qovur, etnik təmizlənməyə məruz qoyurdular. 1991-ci ilin oktyabr ayından 1992-ci ilin fevral ayına qədər, yəni 5 ay müddətində isə ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, "təmizləmişdilər".

Ermənilər yalnız bizim torpaqlarımızı zəbt edib, yiyələnməklə deyil, həm də bizim bir millət kimi varlığımızı sonlandırmaq hərisliyi ilə yaşayıblar. Erməni millətçiləri öz körpələrinə belə türk nifrəti ilə göz açdırıb, türk düşmənçiliyi aşılayıblar. Türkün əzabla məhvi, tarix səhnəsindən silinməsi bir vəzifə kimi hər bir erməninin qarşısına qoyulub. Erməni terrorizmi ilə zaman-zaman millətimizin başına olmazın faciələr gətirilib. Türklərə qarşı nifrətlə silahlanmış ermənilər dinc azərbaycanlıların qanını axıtmaqdan həzz alıblar. 1918-ci ilin yazında Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Sal­yan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı törətdiyi dəhşətli qırğınlarda rəsmi mənbələrə əsasən, 12 minə yaxın azərbaycanlı qətlə yetiri­lib, on minlərlə insan itkin düşüb.

Keçən əsrin 90-cı illərində şovinist, antoqonist münasibət yeridən ermənilərin ermənilərin Azərbaycanlılara qarşı terroru daha da şiddətlənib. Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin ən dəhşətli soyqırımlarından biri törədildi. Bu qırğın nəticəsində 613 nəfər həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri qocalar idi. 8 ailə tamamilə qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb ki, onlardan 76 nəfəri uşaq idi. Faciə zamanı 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Xocalıdan əvvəl və sonra da əzəli torpaqlarımızda ermənilər tərəfindən neçə-neçə faciə törədilib. 1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Malıbəyli kəndi işğal edilərək yandırılıb. 1992-ci il yanvarın 25-də məlum “Daşaltı əməliyyatı” zamanı həlak olduğu güman edilən 64 soy­daşımızın meyiti tapılmayıb, əsirlər qaytarılmayıb. Ondan 20 gün sonra erməni quldurları xarici muzdlula­rın, xüsusilə də 366-cı motoatıcı alayın köməyilə hər tərəfdən əlaqəsi kəsilmiş Qaradağlı kəndinə hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Biri qadın olmaqla, 14 nəfər həyatını itirib. Silah-sursatı tükənən soydaş­larımız sonda əsir götürülüblər və onların növbəti məşəqqətləri baş­lanıb. Kəndin Bəylik bağı adlanan yerində 23 sakini erməni cəlladları güllələyib, yaralılar diri-diri silos quyusuna tökülərək üstləri torpaq­lanıb. Əsirlərin bir hissəsi Qaradağlı – Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülüb və nümayişkaranə şəkildə güllələnib. Girovluqda olan 8 nəfər kənd sakini işgəncələrlə qətlə yetirilib. Ümumiyyətlə, kəndin 77 sa­kini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qurtul­duqdan sonra ermənilərin verdiyi hədsiz zülmlərin nəticəsi olaraq vəfat edib.

No description available.

Mayın 9-da ermənilər Şuşa şəhəri üzərində qələbələrini bayram etdilər. İntensiv döyüşlərdə 1860 azərbaycanlı yara­landı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşadan 9 gün sonra Laçın işğal edilib. Burada 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Qətliamlardan biri də 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə baş vermiş Ballıqaya faciəsidir. Erməni quldurları Laçından qaçqın düşən və Goranboyun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Öldürülənlərin arasın­da 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.

Kəlbəcərin işğalı zamanı ra­yonun 60 minlik əhalisi köməksiz şəkildə mühasirədə qalmışdı. Yeganə qurtuluş yolu qarlı Murov­dağ silsiləsi idi. Rayon əhalisi uşaq­ları, qoca və xəstələri necə xilas etmək yolunu bilmirdi. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürüblər, bir neçə yüzünü əsir götürüblər. Rayonu talan edib, yan­dırıblar. Faşistlərin törətdiyi 1992-ci ilin Ağdaban faciəsi də təcavüzün ən qanlı səhifələrindəndir. Kəlbəcərin işğalı zamanı ermənilər 2-ci dəfə Ağdabanı oda qalayıb, viranəyə döndəriblər. Qızlar əsir düşməmək üçün özlərini qayadan atıblar. Erməni qəsbkarları bir gecədə bir kəndi yer üzündən siliblər. Bu zaman rayonun Başlıbel kəndində də misilsiz vəhşiliyə rəvac verilib. Doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin onlar cəmi 17 gün gizlində qala biliblər. Aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avto­mat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı 27 nəfər güllələnib.

Xocavənd, Malıbəyli, Xocalı, Ballıqaya, Ağdaban, Başlıbel faciələri törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assamb­leyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. “Beynəlxalq Terrorizm” jurna­lının 1986-cı ildə buraxılmış 3-cü nömrəsində M. Günterin dərc etdirdiyi “Müasir erməni terroru” adlı məqaləsində göstərilir ki, erməni terrorizminin təşkilatlanması “erməni məsələsi” deyilən məsələnin yaranması ilə bağlı olub. Osmanlı imperiyasında həmin terrorizmin inkişafında əsasən, başqa ölkələrdə yaşayan erməni tacirləri ilə əlaqə və xarici kapitalın axını da məlum rol oynayıb. Erməni terrorçuları hələ də anlamırlar ki, onlar məlum güclərin hakimiyyət və hökmranlıq uğrun­da apardığı mübarizənin girovuna çevriliblər.

44 günlük Vətən müharibəsində də ermənilər bu iyrənc əməllərini davam etdirdilər. Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Düşmənə qarşı əks-hücum əməliyyatının başladığı 27 sentyabr tarixində ilk olaraq Naftalan şəhəri düşmən tərəfindən atəşə tutuldu. Ermənistanın  silahlı qüvvələrinin yaşayış məntəqələrimizə atdığı mərmi nəticəsində Naftalan sakinləri - bir ailənin 5 üzvü dünyasını dəyişdi.

No description available.

Tərtər İkinci Qarabağ müharibəsində ən çox dağıntıya məruz qalan bölgəmiz oldu. Ermənilərin bir xəyal şəhərciyinə çevirməyə çalışdığı Tərtər mübarizliyin, cəsarətin, yenilməzliyin simvoluna çevrilmişdi. Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlər artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilirdi. 2020-ci il 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə ümumilikdə 15.500 mərmi atıldığı, bəzi günlərdə 2000-dən çox mərmi atıldığı bildirilir. Bombalar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan görmüş, ya da məhv edilmişdir. Bombardmanlar nəticəsində 17 mülki şəxsin öldüyü və 61 nəfərin yaralandığı bildirilir. Ümumilikdə, təxminən 1200 nəfər bombardmandan əziyyət çəkmişdir.

No description available.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermiş, həlak olan və yaralanan olmamışdır. 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 02:00 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri dördüncü dəfə hücuma məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Gəncə beçinci dəfə ballistik raket atəşinə tutulub. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdır.

Mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi düşmənin əsl xislətini ortaya qoyurdu. Belə ki, bu hücumlar daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanmasına istiqamətlənmişdi.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları həyata keçirildi. Hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı. 28 oktyabr 2020-ci il, saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimi yenidən kobud şəkildə pozuldu və Bərdə rayonunun mərkəzi, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər “Smerç” yaylım atəşli reaktiv sistemindən hücuma məruz qaldı. Düşmən tərəf törətdiyi əməllərlə kifayətlənməyərək davamlı olaraq ballistik raket və ağır artilleriya ilə Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrində də öz müharibə cinayətlərini həyata keçirmək məqsədilə davamlı həmlələr etdi.

Terrorizmin dini, irqi yoxdur. Terrorizm bütün insanlığa, mənəviyyata ləkədir. Ona qarşı mübarizə yolu birlikdir. Lakin bu birlik bəzi dairələrin amalına xidmət etmədiyi üçün müxtəlif pərdələrlə uzaqlaşdırılır. Çox təəssüf ki, Vətən müharibəsində Ermənistanın dinc sakinləri qətlə yetirməsinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Maraqlıdır ki, 30 ilə yaxın müddətdə Azərbaycan ərazisi işğal altında qalır, bir mil­yondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşür, bütün hüquqları kobud şəkildə po­zulur, onların bütün problemləri ilə Azərbaycan hökuməti özü məşğul olur, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir. Beynəlxalq təşkilatlar açıq şəkildə öz öhdəliklərini yerinə yetirmirlər. Azərbaycan öz gücü ilə bu işğala son qoyub, erməni vandalları tərəfindən tamamilə darmadağın edilən ərazisini azad etdikdə isə Avro­pa Birliyi təcavüzkar Ermənistana külli miqdarda maliyyə vəsaiti ayırır, Azərbaycana isə demək olar ki, cüzi məbləğ nəzərdə tutulur. Bu dərəcədə ədalətsizlikdən sonra dünya birliyindən biz hansı obyektivliyi gözləməliyik?!

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. 2021-ci il 27 sentyabr tarixində – Anım Günündə Bakı şəhərində təşkil olunan yürüşdə Birinci xanım Mehriban Əliyevanın 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası, həmçinin yaxın qohumları ilə birlikdə şəhid olan 10 aylıq körpə - Narin Xalıqovanın  fotosu əks olunmuş plakatla irəliləməsi bütün dünyaya erməni vəhşiliyini, terrorunu bir daha nümayiş etdirdi.

I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülüb, 270 uşaq sağlamlığını itirib, 92 uşaq girov götürülüb. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirib. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığı müddət ərzində Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biri olub. 44 gün ərzində davam edən Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə edən Ermənistan dövlətinin Azərbaycanın münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutması nəticəsində 33 qadın həlak olub, 74-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub. Erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq  əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi.

44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq, Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaq! Qarabağ Azərbaycandır!

                                                                                                   Nailə Məmmədova

 

2021-10-11 / 15:55
Facebook