Şanlı ordumuzun Cəbrayıl zəfəri

 

 

No description available.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıl rayonunun şanlı ordumuz tərəfindən azad olunması 4 oktyabr 2020-ci il tarixində baş tutsa da, bu prosesə hazırlıq hələ əvvəldən gedirdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Bu, xalqımızın Qarabağa Böyük Qayıdışının başlanğıcı olmuş, Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı prosesi dövlətimizə və rəhbərimizə olan inam hissini daha da gücləndirmişdir. Ordumuzun məhz Odundağ, Lələtəpə, Talış, Günnüt və Babakər kimi əraziləri düşməndən təmizlənməsi gələcək döyüş əməliyyatlarına hazırlıq məqsədi daşıyırdı. Lələtəpənin azad edilməsi daha aşağı yüksəklikdə yerləşən ərazilərimizi düşmən atəşi altından çıxarmaqla bərabər, həm də Füzuli-Cəbrayıl maqistralına nəzarət etməyə də imkan verirdi. Prezident İlham Əliyev 2017-ci il iyunun 14-də Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı demişdi: “Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”. Həqiqətən də belə oldu...

30 ilə yaxın işğaldan sonra Azərbaycan Ordusunun azad etdiyi ilk şəhər Cəbrayıl oldu. Düşmənin mühəndis istehkam qurğuları və qurulan atəş sistemi heç bir halda Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatlarına əngəl törədə bilmədi.Cəbrayılın azad edilməsi uğrunda döyüşlər ordumuzun həyata keçirdiyi ən ağır döyüşlərdən biri oldu. Həmin vaxta qədər baş tutmuş kiçikmiqyaslı hərbi əməliyyatlarla müqayisədə ilk dəfə olaraq rayon mərkəzinin ələ keçirilməsi milli ruhu daha da alovlandırdı, ordumuzun sonadək irəliləyəcəyinə və qələbə qazanacağına olan nikbinliyi daha da artırdı. Cəbrayılın işğaldan azad olunması ilə həm düşmənin müdafiə potensialı zəiflədi, əks-hücum əməliyyatları uğursuzluğa düçar oldu, həm də illərdir formalaşdırmağa çalışdıqları "yenilməz erməni ordusu" şousu da tamamilə iflasa uğradı. Bir il keçməsinə baxmayaraq, mənfur düşmən hələ də Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə məhv edilən erməni əsgərlərin cəsədlərinin qalıqlarını toplayıb qurtara bilmir. Gülünc isə odur ki, fakt və sübutlarla hərbi qələbəmizi göstərməyimizə baxmayaraq, erməni rəhbərliyi hər vəchlə öz millətini bu zəfərimizin  yalan olduğuna, uydurma faktlar olduğuna dair inandırmağa çalışırdı. Cəbrayılın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi, həmçinin ordumuzun mühüm strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinə yolunu açdı və məlum olduğu kimi tezliklə Hadrut zəfəri ilə millət olaraq bir daha sevindik. Xüsusi qeyd etmək lazımdır ki, Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı. Bütün bunlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatının nə dərəcədə böyük peşəkarlıq, uzaqgörənliklə hazırlandığının göstəricisidir. Məhz bu peşəkarlıq, həmçinin milli birlik bizə tarixi qələbəmizi qazandırdı.

Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə müqəddəs Bayrağımızı qaldırdılar. 26 noyabr 2020-ci il tarixində isə "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.

Təsadüfi deyil ki, Cəbrayıl zəfərimizin ilk ilində 2021-ci il 4 oktyabr tarixində Prezident İlham Əliyev Cəbrayıl rayonunda səfərdə olub. Dövlətimizin başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Bundan başqa, İlham Əliyev 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Prezident Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub və daha sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçımız tərəfindən Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşı qoyulub.

Bu gün Cəbrayıl rayonu yenidən dirçəlir. Düşmənin bir dənə də olsun, salamat bina qoymadığı rayonun böyük baş planı hazırlanır. Burada bütün inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq, küçələr, parklar, xiyabanlar salınacaq. Rayonda yol-nəqliyyat və enerji infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı aparılan layihələr onu göstərir ki, Cəbrayıl gözəl görkəmə qovuşacaq, Qarabağımızın dilbər guşələrindən biri kimi həmişə öz yerini qoruyub saxlayacaq.

                                                                                                 Nailə Məmmədova

 

2021-10-04 / 16:13
Facebook