Minsk qrupunun tərəfli və qərəzli mövqeyi

 

ATƏT-in Minsk qrupu həmsədr ölkələri nümayəndə heyətləri rəhbərlərinin  birgə bəyanatı | Azərbaycanda ABŞ səfirliyi

ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyası uğursuzluğa düçar oldu. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətirsələr də bu təkliflər nəticəsiz qaldı. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və milləti öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq-ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Minsk Qrupu tərəfsizliyin üstündən xətt çəkərək Ermənistanın yanında yer aldı. Hətta iş o yerə çatdı ki, həmsədrlərdən biri - Fransa prezidenti Makron Ermənistana rəğbətini nəinki fransız, erməni dilində də ifadə etdi. O zaman belə haqlı bir sual ortaya çıxır ki - illərdir biz bu ölkələrdən münaqişənin həllini gözləyirdik? Əksinə, onlar problemin həlli üçün çalışmır, Ermənistanın sərsəm iddialarını daha da alovlandırırdılar. Minsk Qrupunun yarıtmaz fəaliyyətinə ən obyektiv qiyməti Amerikalı sabiq həmsədr Riçard Hoqland verib. O, açıqlamalarında bildirir ki: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.

Tarixi ədaləti, beynəlxalq hüququ öz gücümüzə bərpa etdiyimiz bir vaxtda yenidən Minsk Qrupunu dirçəltmək istəyirlər. Artıq münaqişə həllini tapıb, Ali Baş Komandan məsələni cəbhədə həll edib, indi də diplomatik masada həll edir. Ona görə Minsk Qrupuna heç bir ehtiyac hiss olunmur. Ancaq buna baxmayaraq həmsədrlər yenə də Dağlıq Qarabağın statusunun həll olunması ilə bağlı təkliflər irəli sürür və bu məsələni Minsk qrupunun gündəmində saxlayırlar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub, tərəflərcə qəbul edilib. 30 ilə yaxındır sülhə xidmət etməyən Minsk qrupu tərəflər arasında anlaşma yaratmaq yerinə, reallığa zidd bir tələblə gündəmə gəlməklə ermənipərəst siyasətini açıq şəkildə biruzə verir. 2021-ci il sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində "Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib" sualını cavablandırarkən deyib ki, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər.

Əgər Minsk Qrupu yenidən danışıqlar prosesinə cəlb olunmaq istəyirsə qərəzsiz mövqe sərgiləməlidir. Təxribatçı bəyanatlarla heç bir danışıqdan söhbət gedə bilməz. Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi ilə məşğul olmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir. 

 

                                                                                                       Nailə Məmmədova

2021-09-29 / 17:23
Facebook