"Əsrin müqaviləsi" - strateji uğurun təməli

 

No description available.

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarını təmin edən əsas amillərdən biri neftdir. Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə qiymətləndirildi və  dövlətin neft strategiyası zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi.

1994-cü il 20 sentyabr tarixli “Əsrin müqaviləsi” ilə  neft strategiyasının əsası qoyulmuş və Respublikamızın dinamik iqtisadi inkişafı  başlanmışdır. Təsadüfi olmayaraq “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənəd Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməlində dayanan uzaqgörən bir addım oldu. “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi olan “Əsrin müqaviləsi”nin imzalanmasıyla Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesinə start verildi.  Bundan sonra, 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş imzalandı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi.

Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftin satışından daxil olan vəsaitlərin səmərəli istifadə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. 1999-cu ildə “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi.

Məhz Bakı-Tbilisi-Ceyhanın inşası ilə “Üç dənizin əfsanəsi” reallığa çevrildi. 2002-ci il iyunun 25-də İstanbulda keçirilən “Üç dənizin əfsanəsi” konfransının açılış mərasimində çıxış edən Heydər Əliyev: “Mən baxıram, vaxtı ilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən əfsanədir” – deyə vurğulamışdı.

2005-ci il may ayının 25-də BTC əsas ixrac kəmərinin Azərbaycan hissəsinin açılışı baş tutdu. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev kəmərin geosiyasi, beynəlxalq və regional əhəmiyyətinə diqqət yetirərək: “BTC neft kəməri bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaqdır” demişdir.

BTC-nin 2006-cı ildən etibarən istifadəyə verilməsi Azərbaycan neftini dünya bazarında mühüm amilə çevirdi. BTC dünyanın ən böyük enerji layihəsi kimi beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması istiqamətində olduqca ciddi addım idi. Bununla da Respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verdi. Həmçinin qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülh və sabitlik gətirir, təhlükəsizliyimizi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir.

No description available.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir.  2014-cü ilin 20 sentyabr tarixi Azərbaycanın enerji siyasətinə qızıl hərflərlə yazılan yeni bir möhtəşəm hadisə ilə yadda qaldı.  “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə Səngəçal terminalında digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Qeyd etmək lazımdır ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

No description available.

14 sentyabr 2017-ci ildə isə “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümü ərəfəsində imzalanan yeni sazişlə neft strategiyamızda yeni dövrün əsası qoyuldu. Sazişə əsasən,“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bütün bu amillər isə dövlətimizin maddi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində rolunu daha da artıracaqdır. 30 noyabr 2019-cu il tarixində Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev haqlı olaraq bildirmişdi ki, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı”.

No description available.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir.

Yeni istifadəyə verilmiş Trans-Adriatik Qaz Boru Kəməri "Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Azərbaycanın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Respublikamızın həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir.

                                                                                                    Nailə Məmmədova

2021-09-20 / 15:20
Facebook