Azərbaycanın Türkiyə ilə olduğu kimi Pakistanla da əlaqələrinin dərin tarixi kökləri vardır. Bu 3 ölkə bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. 3 xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycanın ayrılıqda həm Türkiyə, həm də Pakistanla strateji əməkdaşlığı var. Məhz Pakistan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdir. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində də hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkə Özbəkistanla bir yerdə bu günəcən Ermənistanla diplomatik münasibətləri olmayan ölkələrdir. 44 günlük Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi də Türkiyə və Pakistandan aldıq. Ordumuzun əldə etdiyi qələbə hər iki qardaş ölkədə çoşğu ilə qarşılandı, ölkəmizin hər yerində - küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağı dalğalandı.
Bu əlaqələrin üçtərəfli formada rəsmiləşdirilməsi, strateji müttəfiqliyin daha da genişləndirilməsi zamanı yetişmişdi. Azərbaycan, Pakistan və Türkiyə arasında istənilən sahədə münasibətlərin ən yüksək səviyyədə olması tarixi bir zərurət idi. Hər üç qardaş ölkə istənilən beynəlxaq və regional platformalarda biri-birini tərəddüdsüz dəstəkləyir. Üç strateji tərəfdaşın arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlıq getdikcə sıxlaşır. 2021-ci il 27 iyul tarixində üç ölkə parlamentinin sədrlərinin imzaladığı "Bakı Bəyannaməsi" ilə Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığında yeni mərhələnin təməli qoyuldu. Bəyannamədə üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıqdan tutmuş "hibrid müharibələr və İslamafobiyaya meyilli ölkələrə" görə ortaya çıxan təhdidlərə qarşı mübarizə, qarşılıqlı maraq kəsb edən regional və qlobal mövzularda yaxından fəaliyyət göstərmək haqqında əməkdaşlıq da qeyd olundu. Bəyannamə ilə 3 ölkə xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı, eləcə də bir neçə digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə razılaşdılar. Sənəddə bütün bu əməkdaşlıqlar üçün hər üç ölkənin hökumətinin dəstək olacağı razılaşdırıldı. Bununla da, Bakı Bəyannaməsi regionda yeni üçtərəli formatın rəsmi əsasını qoydu və ciddi bir regional güc mərkəzinin formalaşması perspektivini təsdiqləmiş oldu. 3 ölkə arasında milli, mənəvi səviyyədə olan qardaşlıq real siyasi arenaya daşındı.
Bu bəyannamənin yerinə yetirilməsi çərçivəsində ilk dəfə olaraq Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç Qardaş-2021” beynəlxalq təliminin keçirilməsi planlaşdırıldı. Bəyannamənin imzalanmasından çox vaxt keçmədən 2021-ci il 12 sentyabr tarixində Bakıda "Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başladı. Sentyabrın 20-dək davam edən birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan ərazisində keçirilən təlimlər üç qardaş ölkənin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri ilk təlimlər kimi tarixə düşəcək. Bu cür üç güclü xüsusi təyinatlı qüvvələrin birgə təlimlərinin keçirilməsi həm onların üçünün də təcrübələrini artıracaq, həm də düşmənə və onun havadarlarına ciddi mesaj olacaqdır. Yalnız xüsusi təyinatlı qüvvələri əhatə edən bu təlimin gələcəkdə daha genişmiqyaslı bir hərbi təlimə çevrilməsi imkanı böyükdür.
Xüsusi təyinatlılar səviyyəsində belə bir hətbi təlimin Bakıda keçirilməsi, təbii ki, qonşu ölkələri, xüsusilə də Ermənistanı narahat etməyə bilməzdi. Türkiyə ordusunun, onun xüsusi təyinatlılarının NATO-nun ikinci ən güclü silahlı qüvvəsi olduğu məlumdur. Pakistan xüsusi təyinatlıları da çox böyük təcrübəyə malikdirlər. Azərbaycanın xüsusi təyinatlılarının bacarığı isə ötən il Şuşanın azad olunmasında dünyaya nümayiş olundu. Dünyanın hərbi ekspertləri hələ də xüsusi təyinatlılarımızın Şuşa fəthindən danışır, bu təcrübəyə heyranlıqlarını bəyan edirlər. Pakistanın dağlıq ərazilərdə, Türkiyənin terrorla mübarizədə, Azərbaycanın isə Vətən Müharibəsində əldə etdiyi döyüş təcrübəsi təlimlərdə qardaşlar arasında paylaşılacaq. Anlaşılandır ki, bu cür üç güclü xüsusi təyinatlı qüvvələrin birgə təlimlərinin keçirilməsi həm onların üçünün də təcrübələrini artıracaq, həm də regionda istər-istəməz təşvişə səbəb olacaq. Xüsusilə də Türkiyənin regionda mövcudluğunu qəbul etməyənlər məsafə baxımından uzaq Pakistanın da regional ittifaqa qoşulmasından daha da narahat olmağa başlayıblar. Pakistan atom silahı olan yeganə islam dövlətidir, çox böyük və qüdrətli hərbi sənayeyə malikdir. Bütün bunlara əsasən, Türkiyə və Pakistan kimi böyük hərbi gücə malik iki dövlətin Bakıda təlim keçməsinin niyə qısqanclıq yaratadığı da aydın olur.
Hər üç ölkənin ən ali bölmələrinin birgə təlimləri, qarşılıqlı əlaqəsi və təcrübə mübadiləsi bu birliyə rəqib olmaq istəyən ölkələrin qarşılaşa biləcəkləri fəlakətin miqyası barədə onlara kifayət qədər aydın ismarıc vermiş olacaq. Azərbaycan Türkiyə və Pakistanla birgə ittifaq yaratmaqla Ermənistana mesaj göndərir ki, keçmişdə olduğu kimi Azərbaycan torpaqlarına hücum etmək kimi sərsəm bir fikrə düşdüyü halda tək Azərbaycan ordusunu deyil, Türkiyə və Pakistan hərbçilərini də görə biləcək. Necə ki, ermənilər hər zaman belə bir iddia irəli sürürlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onları müdafiə etməlidir, bizim də artıq belə bir müdafiə sistemimiz yaradılıb. Bu üçlük ittifaqı həm də digər region dövlətlərinə qarşı da bir mesajdır ki, Azərbaycana qarşı kim təxribat etmək istəsə, artıq qarşısında üç ölkənin hərbi və siyasi ittifaqını görəcək.
Azərbaycan-Türkiyə-Pakistan birliyi artıq uzun müddətdir ki, qurulub. Bu birlik Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında daha da ön yerləri tutmasına gətirib çıxaracaq. Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edəcək.
Nailə Məmmədova