Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 99 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. AXC-nin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən dövrü 4 mərhələyə ayırmışdı. Birinci dövr, 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci dövr - 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü dövr - 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövrdür. Dördüncü dövr isə 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir.
Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunmuş, dünya birliyinə sürətli inteqrasiya yolunu uğurla keçmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyası yeni çalarlarla bugünümüzə tətbiq olunur. AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu isə daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan Xalq Cümhuriyyətinin 80, 90 illiyi Azərbaycanda və ölkə hüdudlarından kənarda yüksək səviyyədə qeyd olunmuş, hər il də qeyd olunmaqdadır. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yüksək yeri və onun qurucularının əvəzsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Dövlət başçısı İlham Əliyev 2013-cü ildə AXC yaradıcılarından, Azərbaycan ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin respublika miqyasında keçirilməsi ilə bağlı Sərəncamı, həmçinin 2017-ci il 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzalanmış Sərəncamı bu prinsipin bariz sübutudur. Bununla Azərbaycan yeniləşən strategiyasının özülündə tarixiliyin, varisliyin dayandığını nümayiş etdirir.
Nailə Məmmədova
“Azerbaijan Realities”