1994-cü il sentyabrın 20-də Azərbaycanın paytaxtı Bakı şəhərində möhtəşəm bir müqavilə imzalanmışdır.Bu müqavilədə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”,”Cıraq” və “Günəşli” yataqlarının işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın bir necə tanınmış neft şirkətləri ilə sazişin imzalanması baş tutmuşdur.
Bu tarixi, siyasi və beynalxəq əhəmiyyətli müqavilənin bu il 21-ci ili tamam olur.
Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib.
Elə ilk günlərdən danışıqlar prosesində çətinlik və maneələr də var idi. Həmin anları İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Coxsaylı çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı.
"Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.
Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlanıb. 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb.
“Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.
Bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi.
Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün isə kəmərlər lazım idi. Dəmir yolu ilə nəzərdə tutulan nəhəng həcmdə nefti daşımaq mümkün deyildi. Beləliklə, şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa, inşa edilib və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunub. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınıb. Ancaq bu kəmərlər də Azərbaycanın nəhəng neft resurslarını Avropa və dünya bazarlarına çıxarmaq üçün yetərli deyildi. Ən əsası böyük güclərin maraqlarının toqquşduğu, geostrateji cəhətdən əlverişli bir məkanda yerləşən Azərbaycanın şaxələnmiş marşrutlarla iqtisadi təhlükəsizliyini gücləndirməsi ilə bərabər, onun üçün bir növ təhlükəsizlik kəməri rolunu oynayan bir layihənin həyata keçməsi zəruri idi.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tiflis-Ceyhan “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanıb. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Ceyhan ixrac neft kəmərinin təməli qoyulub və tikintisinə başlanıb. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutub. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilib. BTC tarixi addımın, “Əsrin müqaviləsinin məntiqi davamıdır.
“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.
Gülşən Mehdiyeva