Türkün Şanlı Tarixindən bir səhifə

"Ey Bakı, sən qorxma, gəldin, gələli
Səninçin atıldıq daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, Bismillah!
Əhməd Cavadın "Bismillah" şeirindən

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının yadelli qüvvələrdən azad edilməsi Azərbaycan tarixinin, Azərbaycan - Türkiyə qardaşlığının ən mühüm hadisələrindən biridir. 1917-ci il noyabrın əvvəllərində Bakıda Şaumyan başda olmaqla hakimiyyət quran bolşeviklər real gücü ələ ala bilməmişdi. Anti-azərbaycan siyasəti yeridən Bakı Soveti hakimiyyətlərini möhkəmləndirmək üçün türk-müsəlman əhalisinə qarşı soyqırım həyata keçirir,kütləvi qırğınlar törədirdi. Bu qırğınların ən yüksək nöqtəsi 1918-ci ilin martında baş verdi. Zaqafqaziya Seymi də bu qırğınların qarşısını ala bilməkdə aciz idi.
Azərbaycan 1918-ci il 28 may atrixində öz müstəqilliyini elan etdi. İyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq, qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Müqaviləyə əsasən Azərbaycan yardım üçün müraciət edərdisə, Osmanlı hökuməti yardım etməyə borclu idi. Bu sazişin hərbi-siyasi, strateji, iqtisadi, milli-mənəvi və siyasi-hüquqi əsasları var idi. Belə ki, Osmanlı dövləti dünya türklüyü və islamın mərkəzi idi. Bu səbəbdən də dünya türkləri ona xilaskar kimi baxırdılar.
Türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınların artdığı bir şəraitdə  Azərbaycan yardım üçün Osmanlıya müraciət etdi. Amma bundan əvvəl, hələ apreldə türk əsgər və zabitlərinin bir qrupu artıq Azərbaycana gəlmiş,mayın ortalarında Gəncədə vəziyyəti sabitləşdirməyə nail olmuşdular. Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin  müvəqqəti paytaxtı idi. Hökumətin qarşısında duran əsas vəzifələrdən biri Bakının azad edilməsi idi. Bakı Xalq Komissarları Soveti türk hücumlarına tab gətirə bilmədi və iyulun axırında böhrana düçar oldu. Daşnakların və ingilislərin Bakıya dəvət olunmasına səs verdilər. Anti-azərbaycan siyasətini davam etdirən “Sentrokaspi diktaturası” quruldu. Lakin “Sentrokaspi diktaturası” da türk hücumlarının qarşısında dayana bilmədi. Bakı şəhəri mühasirəyə alındı, ingilislər qaçmağa məcbur oldular və sentyabrın 15-də Bakının açarları Qafqaz İslam Ordusuna təslim edildi. Beləliklə, Bakı işğaldan azad olundu. Azərbaycan öz təbii paytaxtına, siyasi, mədəni, tarixi mərkəzinə qovuşdu.
Hökumət Gəncədən Bakıya köçürüldü, dövlət müəssisələri işləməyə başladı. Bu, Azərbaycan tarixinin ən mühüm və əvəzedilməz hadisələrindən, türk birliyinin ən gözəl nümunələrindən biri kimi tarixə həkk olundu.
Sentyabrın 27-də türk komandanlığı bu böyük qələbə münasibətilə təntənəli şam məclisi verdi və Qafqaz İslam Ordusunun yüksək rütbəli zabit heyətini mərasimdə iştirak edən Azərbaycanın dövlət xadimlərinə, nüfuzlu şəxsiyyətlərinə təqdim etdi.  Bakının azad olunması uğrunda Gəncə vuruşlarından başlayaraq Qafqaz İslam Ordusunun 1142 nəfər zabit və əsgəri şəhid olmuşdu.
Bakının azad edilməsi Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla yeni bir dövrün başlanğıcının təməli oldu.  Bu tarixi hadisənin birinci ildönümündə "Azərbaycan" qəzeti yazırdı: "Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü müstəqilliyin faktiki qazanılması və dövlətçiliyin əsaslarının yaradılması günü sayırıq".
Bu gün Azərbaycan-Türkiyə dostluğunun əsas bağlarından biri kimi Türkün Şanlı Tarixinin bir səhifəsinə çevrilmişdir.
                                                                                                                                                                                                                                                                                                                                                                                        Nailə Məmmədova

 

2015-09-30 / 00:00
Facebook