Tariximizə qan yaddaşı kimi həkk olunmuş dəhşətli səhifələrdən biri olan 20 Yanvar faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq hərəkatına qarşı edilmiş ən dəhşətli terror hadisələrindən biridir. Heç bir azərbaycanlının yaddaşından silinməyəcək bu hadisə üstündən 25 il keçməsinə baxmayaraq, hər il dövlət səviyyəsində matəm günü elan edilməklə anılır.
Hadisənin baş verdiyi tarixi dövrdə özünü doğrultmayan siyasi taktikalar nəticəsində Sovet İmperiyasının artıq dağılmağa başlaması, ölkədə hərc-mərcliyin höm sürməsi, özbaşınalıqlar, düzgün aparılmayan islahatlar və böhranın dərinləşməsi və s. səbəblərdən digər Sovet Respublikalarında olduğu kimi, Azərbaycanda da müstəqillik hərəkatını alovlandırmışdı.Lakin Sovet İmperiyasını saxlamaq üçün bütün yollara əl atan rəhbərlik bu respublikalardakı azadlıq hərəkatlarını mütləq şəkildə boğmağa çalışırdı. Bu zaman ən çox zərər dəyən ölkələrdən biri, hətta demək olar ki, birincisi Azərbaycan Respublikası oldu. Respublikamıza edilən bu qədər təzyiqin səbəbləri təbii ki, çox idi. Birinci ona görə ki, Azərbaycan digər dövlətlərdən fərqli olaraq müsəlman ölkəsi idi. İkinci tərəfdən də, Ermənistanın düşmənçilik fəaliyyəti, daim Azərbaycan torpaqları hesabına öz dövlətini yaratmaq istəyi və bununla da Rusiyanın əlaltısına çevrilməsi, onun göstərişi ilə hər cür qırğın törətməyə hazır olmaları ölkəmizə qarşı təzyiqləri artırırdı.
Məhz 1990-cı ilin 20 Yanvar hadisəsi, daha sonra torpaqlarımızın işğalı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin yaranması və digər hadisələr də müstəqilliyə keçid mərhələsində ən çox əziyyət çəkən ölkənin Azərbaycan olduğunu deməyə əsas verir.
Lakin bununla belə, 20 Yanvar hadisəsi xalqın taixinə bir qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Çünki məhz həmin gün xalqımız çox böyük sayda itki versə də, öz qürurunu, milli mənliyini itirmədi və müstəqillik arzularını reallaşdırmaq uğrunda başladığı mübarizəyə daha inamla davam etdi.
Verilən məlumatlara görə, yanvar ayının 19-dan 20-ə keçən gecə hadisə nəticəsində Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla,ümumilikdə 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. Bununla yanaşı, həlak olanlar arasında 6 rus, 3 tatar, 3 yəhudi də olmuşdur.
Lakin əgər hadisə Azərbaycan xalqının mübarizə əzmini qırmağa, azadlıq ideyalarını sarsıtmağa yönəlmişdisə, nəticə tamamilə əksinə oldu. Çünki xalqın başına gətirilən bu terror onun daha da möhkəmlənməsinə, mübarizə əzminin daha da artmasına gətirib çıxardı. Sonrakı proseslər də, bunu sübut etdi. Çünki çox keçmədən, 1991-ci ildə Respublikamız 70 illik əsarətdən xilas olaraq müstəqilliyinə qovuşdu və 24 ildir ki, bu müstəqilliyi qoruyub saxlayır.
Ləman Xəlilova
Azerbaijan Realities