Asan və şəffaf xidmət prinsipi

Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı naminə  məqsədyönlü strategiya həyata keçirilməkdədir. Bu strateji inkişaf xətti dünyanın qabaqcıl dövlətlərinin təcrübələrinə əsaslanaraq reallaşır. Dünyanın bir çox inkişaf etmiş dövlətləri üçün belə model rolunu oynayacaq “Asan xidmət”in yaradılması olduqca mütərəqqi addım kimi qiymətləndirilməlidir. Azərbaycan brendi olan, vətəndaşlara lazımlı və layiqli xidmət prinsipinin tətbiqinə zəmin yaradan “Asan xidmət”ə dünyada böyük maraq vardır. Bir çox dövlətlər bu təcrübədən istifadə etməyi mümkün hesab edirlər.  Bu proses dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsinin Azərbaycanda tətbiq olunması ilə nəticələndi. Xidmətin yaradılması Azərbaycanda həyata keçirilən müasir dövlət quruculuğu prosesinin uğurlu təkamülünün isbatıdır. Həmçinin, “Asan xidmət” mərkəzinin fəaliyyəti korrupsiyaya qarşı mübarizəni özünün həyati məqsədi elan etmiş Azərbaycanın məramını bir daha bəyan etdi. “Asan xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “Asan xidmət”də işləmiş, təcrübə toplamış və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü “Asan xidmət” mərkəzlərində çalışır.

“Asan xidmət”in yaradılması vətəndaşların  dövlət müəssisələri ilə çevik, normal əlaqələrinin yaradılmasını, həmçinin effektiv idarəetmənin reallaşması imkanını yaradır. Bu qurum vətəndaşlara birbaşa xidmət göstərilməsinə, dövlət orqanları ilə vətəndaşlar arasında səmimi təmas yaradılmasına, dövlətin adından sui-istifadə hallarına yol verilməsinin qarşısının alınmasına istiqamətlənmişdir.  Bütün bunlar dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. “Asan xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur.

Respublikamız informasiya cəmiyyətinə inteqrasiya dövrünü “Asan xidmət”in yaradılması ilə praktiki şəkildə reallaşdırmışdır. Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı texnoloji, elmi nailiyyətlərdən istifadə edən gənclərin getdikcə Asan könüllüləri sırasına geniş şəkildə qoşulmasına imkan yaratmışdır. 16 dekabr 2014-cü il tarixində Sabirabadda təşkil olunan “Asan Könüllü”lərinin I Ümumrespublika Forumu və ölkə başçısı cənab İlham Əliyevin şəxsən bu tədbirdə iştirakı dövlət qayğısının bariz nümunəsidir.

Nailə Məmmədova

Azerbaijan Realities

 

2014-12-22 / 00:00
Facebook