Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı mərhələləri

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası o vaxtdan etibarən bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müstəqil siyasət həyata keçirir. Bu baxımdan bazar iqtisadiyyatına əsaslanan və dünya iqtisadi sisteminə inteqrasiya oluna bilən iqtisadiyyat yaratmaq üçün səhmləşdirmə və özəlləşdirmə ilə kifayətlənməyən Respublika rəhbərliyi bununla yanaşı, həm də regional dövlət siyasəti həyata keçirməklə ölkədə çoxşaxəli islahatlara başlamışdır.

Regionların iqtisadi inkişafını təmin etməklə ümumi iqtisadiyyatı dirçəltmək üçün həyata keçirilən tədbirlər bu günə kimi davam edir. Buna görə də regionların sosial-iqtisadi inkişaf  prosesini şərti olaraq 4 mərhələyə bölmək olar:

1)    1991 – 1995 – ci illər – böhran mərhələsi;
2)    1995 – 2003 – cü illər – Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövrü;
3)    2004 – 2008 – ci illər – cənab İlham Əliyevin birinci prezidentlik dövrü:    

   “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”  Dövlət   
    Proqramının ( 2004 – 2008–ci illər) həyata keçirilməsi mərhələsi;

4)    2009 – 2013 – cü illər – cənab İlham Əliyevin ikinci prezidentlik dövrü
    “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”  Dövlət  
     Proqramının ( 2008 – 2013–cü illər) həyata keçirilməsi mərhələsi.

Birinci, yəni böhran mərhələsi ümumiyyətlə, çox çətin bir tarixi dövrdə özünü göstərdi. Yenicə müstəqillik qazanmış dövlətə digər dövlətlərin təzyiqi, Ermənistan tərəfindən ərazilərimizin işğalı, bununla regionlara vurulan zərər, ölkədə hökm sürən qeyri-siyasi sabitlik, eləcə də hakimiyyət uğrunda baş verən vətəndaş müharibəsi nəticəsində yaranmış xaos təbii olaraq iqtisadiyyatın tənəzzülünə və ölkədə iqtisadi böhrana gətirib çıxardı.

Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan ikinci mərhələdə həyata keçirilən siyasət nəticəsində bu böhranı aradan qaldırmaq mümkün olmuşdur. Xüsusən 1994 – cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə müstəqillik tarixində, eləcə də iqtisadiyyatın inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyuldu.
2003 – cü il prezident seçkilərində qələbə qazanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən etibarən Ulu Öndərin siyasi strategiyasının layiqli davamçısı kimi Azərbaycanın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2004-cü il 11 fevral tarixində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrası ilə bağlı Fərman imzalamışdır. Həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır. Bununla da regionların iqtisadi inkişafında üçüncü mərhələnin başladığını demək olar.

Proqramın icrası nəticəsində regionların sosial – iqtisadi inkişafı əhalinin gəlirlərinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin nəticələrinə əsasən Proqramın həyata keçirildiyi 5 il ərzində qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

Proqramın davamı olaraq, Azərbaycan Prezidentinin 14 aprel 2009-cu ildə  “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı”  Dövlət Proqramını imzalaması dördüncü mərhələnin başlanğıcı kimi dəyərləndirlə bilər.

Proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal  xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş və s. mühüm işlər görülmüşdür.

Beləliklə, bütün bu göstəricilər Azərbaycan Respublikası iqtisadiyyatının son 10 il ərzində həyata keçirilən tədbirlər nəticəsində nə qədər inkişaf etdiyini əyani sübut edir.

Xəlilova Ləman
“Azerbaijan Realities”
 

2014-05-20 / 00:00
Facebook