Gürcüstan mətbuatı və analitikləri Batumi görüşündə Azərbaycanın Orta Dəhlizdəki rolunu yüksək qiymətləndirirlər

 

.

Oktyabrın 23-də Batumidə Gürcüstan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüş Gürcüstan cəmiyyətində, siyasi-iqtisadi analitiklər və akademik dairələr arasında geniş müzakirə olunur. Ekspertlər görüşün əsas mövzusu olan Orta Dəhlizin inkişafı və bu layihədə Azərbaycan faktorunun əhəmiyyətini xüsusi vurğulayırlar.

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın XİN rəhbərləri iştirak ediblər. Görüşün əsas məqsədi siyasi dialoqu gücləndirmək, iqtisadi əlaqələri genişləndirmək və Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə etməkdir.

Tədbir çərçivəsində nazirlər Batumi limanına baş çəkərək ölkənin tranzit imkanları və infrastruktur tərkibi ilə tanış olublar. Müzakirələrdə Anakliya Dərinsulu Limanı layihəsinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Analitiklər qeyd edirlər ki, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrutda Azərbaycan və Gürcüstan bir-birini tamamlayan əsas tranzit ölkələrdir. Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycan üzərindən Gürcüstana daşınan yüklərin həcmini artıracaq. Bu isə dəmir yolları, limanlar, logistika şirkətləri və gömrük xidmətləri arasında daha sıx koordinasiya tələb edir.

Dünya Bankının 2026-cı il sentyabr hesabatına əsasən, Orta Dəhliz boyunca infrastruktura yatırılan investisiyalar və effektivliyin artırılması 2040-cı ilədək ticarət həcmini üç dəfədən çox artıra, daşınma müddətini isə hiss olunacaq dərəcədə azalda bilər.

Orta Dəhliz Mərkəzi Asiya dövlətlərinə Avropa bazarlarına daha çevik çıxış, ixrac marşrutlarının şaxələndirilməsi və nəqliyyat xərclərinin azaldılması imkanlarını verir. Ekspertlərin fikrincə, Mərkəzi Asiya ölkələrinin bu layihəyə investisiya qoyuluşunu artırması ümumi regional iqtisadi inkişafa təkan verəcək.

2026-10-24 / 18:09
Facebook