
Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və regionun Rusiya qazından asılılığının azaldılması məqsədilə inkişaf etdirilən Şaquli Qaz Dəhlizinin uzunmüddətli kommersiya dayanıqlılığı ilə bağlı məsələlər gündəmə gəlib.
Layihənin qarşısında duran əsas vəzifə siyasi və geosiyasi dəstəyi real qaz ticarətinə çevirmək, bununla da yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir.
Yunanıstanı Cənub-Şərqi Avropanın enerji qovşağına çevirmək strategiyasının mühüm hissəsi hesab olunan dəhliz region ölkələrinin alternativ mənbələrdən təbii qaz almasına imkan yaratmağı nəzərdə tutur. Layihədə ABŞ-dən idxal olunan mayeləşdirilmiş təbii qazın (LNG) Balkan ölkələrinə və Ukraynaya nəqli xüsusi yer tutur.
Məlumata görə, 2027-ci ilin sonundan Rusiya qazının regiona tədarükünün dayandırılması perspektivi Cənub-Şərqi Avropa ölkələri üçün yeni təchizat mənbələrinin tapılmasını zəruri edir. Hesablamalara əsasən, regionun əvəzləməli olacağı təbii qaz həcmi ilkin mərhələdə ildə 14-20 milyard kubmetr, sonrakı dövrdə isə 27 milyard kubmetrə qədər çata bilər. Bununla belə, yeni marşrutun inkişafı yalnız infrastrukturun mövcudluğundan deyil, həm də uzunmüddətli alqı-satqı müqavilələrinin bağlanmasından, nəqliyyat tariflərindən və alternativ qaz mənbələrinin rəqabət qabiliyyətindən asılıdır.
Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, layihəyə ABŞ tərəfindən verilən siyasi dəstək mühüm rol oynasa da, onun gələcək fəaliyyəti üçün kommersiya iştirakçılarının marağı və real bazar tələbatı həlledici əhəmiyyət daşıyacaq.
Şaquli Qaz Dəhlizi Yunanıstan, Bolqarıstan, Rumıniya və digər regional qaz infrastrukturları vasitəsilə təbii qazın cənubdan şimala daşınmasını nəzərdə tutur. Layihə Ukraynanın alternativ qaz təchizatı imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Qeyd edək ki, Avropada yeni enerji marşrutlarının inkişafı Azərbaycanın da iştirak etdiyi Cənub Qaz Dəhlizi və digər regional qaz layihələri ilə birlikdə qitənin enerji təchizatının şaxələndirilməsi prosesinin tərkib hissəsidir. Bununla belə, Şaquli Qaz Dəhlizi və Cənub Qaz Dəhlizi ayrı-ayrı layihələrdir.