
Avropa İttifaqı (Aİ) istixana qazı emissiyalarının azaldılması üzrə BMT-nin işçi proqramının 2040-cı ilədək uzadılmasını təklif etmək niyyətindədir. Proqramın hazırkı mandatının müddəti bu il başa çatır.
Müvafiq təşəbbüs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində Aİ-nin danışıqlar mövqeyinə dair sənəd layihəsinə daxil edilib.
Proqram ölkələrin istixana qazı emissiyalarını azaltmaq yollarını və iqlim sahəsində tədbirləri gücləndirmək imkanlarını müzakirə etməsinə yönəlib. Aİ əvvəllər üzərinə götürdüyü iqlim öhdəliklərindən onların praktiki icrasına keçidi təmin edəcək tədbirlər paketinin qəbuluna nail olmağa çalışacaq.
Aİ ölkələrinin ətraf mühit nazirləri oktyabrın 12-də Lüksemburqda keçiriləcək iclasda COP31-ə hazırlıq məsələlərini nəzərdən keçirəcəklər. Aİ Şurasının rəsmi gündəliyinə əsasən, iclas iştirakçıları qarşıdakı iqlim danışıqlarında Avropa İttifaqının mövqeyini müəyyənləşdirən nəticələri müzakirə edərək təsdiqləməlidirlər. Əsas diqqət Paris Sazişinin həyata keçirilməsinə və qüvvədə olan iqlim öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək.
COP31 noyabrın 9-dan 20-dək Antalyada Türkiyə və Avstraliyanın birgə rəhbərliyi ilə keçiriləcək. İşçi proqramın mandatının uzadılması beynəlxalq iqlim danışıqlarında razılaşdırılmalıdır.