
Azərbaycan və Slovakiya arasında hələ sovet dövründə münasibətlər mövcud olub. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il noyabrın 23-də qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən, Azərbaycanın Slovakiyada səfirliyi isə 28 iyul 2023-cü ildən fəaliyyət göstərir. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir.
Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir. Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin bariz nümunəsidir. Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, sözsüz ki, iki ölkə liderlərinin əvəzsiz rolu var. 2024-cü ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Slovakiya Prezidenti Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycana səfəri bu bəyannamənin praktiki şəkildə reallaşdığını sübut etdi. 2025-ci il 8 dekabr tarixində Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsində və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsində yeni bir səhifə açdı.
2026-cı il 14 iyul tarixində Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Slovakiya liderinin ölkəmizə rəsmi səfərinin Şuşa şəhərindən başlaması xüsusilə diqqətəlayiqdir. Bu, o deməkdir ki, artıq Şuşa yalnız tarixi-mədəni məkan deyil, həm də beynəlxalq tədbirlərin, xarici ölkələrin hökumət nümayəndələrinin qəbul olunduğu şəhərdir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə əhəmiyyətli təsir göstərəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev vurğuladı ki, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə etdi. Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından çox məmnun olduğunu bildirdi. Peter Pelleqrini qeyd etdi ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.
Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu oldu. Slovakiyanın Qarabağın bərpasında fəal iştirakı isə xüsusi təqdirəlayiqdir. Belə ki, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən "Ağıllı kənd" layihəsi icra edilir. Səfər çərçivəsində dövlət başçıları Baş Qərvənd kəndində görülən işlərlə də tanış oldular, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Bu məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunub. İşğaldan azad olunmuş ərazilərimizin bərpasında Slovakiyanın iştirakı əsl dostluq nümunəsidir.
15 iyul tarixində Bakıda qarşılıqlı iqtisadi əlaqələrimizin güclənməsinə böyük təkan verən Azərbaycan-Slovakiya Biznes Forumu keçirildi.
Azərbaycan-Slovakiya əməkdaşlığı həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır. Slovakiya dövlət başçısının bu səfəri eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir. Slovakiya ilə münasibətlərin dərinləşməsi Azərbaycanın Mərkəzi Avropada nüfuzunu artırır və gələcək illərdə qarşılıqlı əməkdaşlıq üçün geniş yol açır. Səfər çərçivəsində verilən bəyanatlar, imzalanan sənədlər bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Nailə Tağızadə