IV Şuşa Qlobal Media Forumu …

 

13-14 iyul 2026-cı il tarixlərində regional və beynəlxalq məsələlərin müzakirə olunduğu IV Şuşa Qlobal Media Forumu baş tutdu. Forum dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya topladı. Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olundu. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatıldı.

Artıq Azərbaycanın təşəbbüsü ilə qlobal mövzuların müzakirə olunduğu toplantıların Qarabağda keçirilməsi ənənə halını alıb. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq təbliği, həm də Qarabağda həyata keçirilən sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir. İştirakçıların Şuşadan Xocalıya -  “Xocalı Soyqırımı Memorialı”na ziyarətinin nəzərdə tutulması forumun fəlsəfəsini tamamlayan mühüm elementdir. Bu yanaşma beynəlxalq jurnalistlərə region haqqında birbaşa müşahidə əsasında doğru informasiya əldə etmək imkanı yaradır.

Forumda hər il müəyyən edilən mövzu əvvəlki müzakirələrin məntiqi davamı kimi çıxış edir və qlobal informasiya mühitində meydana çıxan yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Budəfəki forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması müasir beynəlxalq münasibətlər sistemində medianın üzərinə düşən məsuliyyətin aktuallığını əks etdirir. Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda etibarlı informasiya mühitinin yaradılması və süni intellekt dövründə jurnalistikanın etik prinsipləri kimi aktual məsələlərin müzakirəsi reallaşdı.

Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırdı. Dövlət başçısının ona ünvanlanan çoxsaylı suallara verdiyi əhatəli, məzmunlu və faktlara söykənən cavabları tədbirin əsas məqamlarından biri kimi yadda qaldı. İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələləri geniş şəkildə şərh etdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğuladı: “Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır. Ölkəmizin təşəbbüsləri heç vaxt qarşıdurmaya deyil, əməkdaşlığın genişlənməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edib. Bu siyasətin konkret təzahürlərindən biri Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırmasıdır. Bu qərar Azərbaycanın humanist və praqmatik yanaşmasının, regionda iqtisadi əlaqələrin genişlənməsinə verdiyi önəmin bariz nümunəsidir”. Dövlət başçısı bəyan etdi ki: “Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır”.

Dövlət başçısı çıxışında Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətli bir layihə olduğuna diqqəti yönəldərək bu layihənin Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini bildirdi. Dəhliz eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək.

Prezident çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxunaraq həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlət başçısı öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir.

İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyasının 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsini və nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsini  tənqid etdi. Dövlət başçısı bu qərarın insan hüquqları ilə deyil, Azərbaycanın 2023-cü ildə Qarabağda keçirdiyi hərbi əməliyyatlarla bağlı olduğunu bildirdi: “Bu, sadəcə bizim ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul etdi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?”

Prezident vurğuladı ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyi üçün onların qərarlarını tanımır: “Biz hakimlər üçün səs verməmişik, iki ildir ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı nəzərdən keçirir. Söhbət üzvlüyün dayandırılması və ya dondurulmasından yox, birmənalı şəkildə həmin təsisatdan getməkdən gedir”. Dövlət başçısı bildirdi ki, Avropa Şurasının Baş katibi məsələ ilə bağlı onunla əlaqə saxlayıb və Azərbaycanın təşkilatdan çıxmamasını xahiş edib. İlham Əliyev qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa olunarsa, nümayəndə heyəti AŞPA-dakı fəaliyyətinə qayıda bilər: “Onlar ədalətsiz qərar veriblər. Geri çəkilməli və səhvlərini etiraf etməlidirlər”.

Dövlət başçısı Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar verdi. Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu getdikcə artırır.

Azərbaycanın siyasi iradəsi bu gün yalnız regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrilib. Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Forum Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirir. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın mövcud  gücünün ifadəsidir.

Nailə Tağızadə

2026-07-15 / 20:28
Facebook