
Bu gün Azərbaycan müstəqil xarici siyasəti ilə yalnız regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzlu dövlətə, arzuolunan tərəfdaşa çevrilib. 1 iyul 2026-cı il tarixində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həm də dövlətimizin başçısının şəxsi nüfuzunun göstəricisidir. Bu səfər Brüsselin Azərbaycanı Cənubi Qafqaz regionunda etibarlı, sabit və uzunmüddətli strateji tərəfdaş kimi qiymətləndirdiyini bir daha nümayiş etdirir. Səfər zamanı verilən siyasi mesajlar və əldə olunan razılaşmalar göstərdi ki, tərəflər arasında əməkdaşlıq yeni strateji mərhələyə qədəm qoyub. Xüsusi vurğulanmalıdır ki, son aylarda Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfərləri ardıcıl xarakter alıb. Cari ilin əvvəlində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, daha sonra Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin, indi isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Ursula Fon der Lyayenin Azərbaycanın regionun aparıcı dövləti olduğunu, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulaması, Azərbaycanı strateji tərəfdaş adlandırması, eyni zamanda İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusi qeyd etməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyev mühüm mesajlar verərək bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı ölkəmiz də Cənubi Qafqazda Avropa İttifaqının ən mühüm iqtisadi tərəfdaşıdır. Prezident enerji sahəsində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini, Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Azərbaycan qazının Avropa bazarındakı rolunun daha da artdığını diqqətə çatdırdı.
Görüş zamanı xüsusi vurğulandı ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir. İlham Əliyev qeyd etdi ki: “Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir”. Hazırda hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır. “Biz həm Azərbaycanda, həm də qonşuluqda infrastruktur layihələrinə böyük sərmayə yatırmışıq, bu işlər davam edir”, - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.
Regional təhlükəsizlik və sülh məsələlərinə də toxunan dövlət başçısı Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsinin regionun uzunmüddətli inkişafı üçün əsas şərt olduğunu bildirdi. Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi mühüm əhəmiyyət daşıyır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik etdi. O: “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır”, - deyə qeyd etdi. Ursula Fon der Lyayen bildirdi ki, biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq və bu gün də, hər gün bu istiqamətdə çalışmalıyıq. “Biz bağlantı vasitəsilə sülhü təşviq etmək istərdik”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
AŞ Prezidenti bildirib ki, Azərbaycan bərpaolunan enerji layihələri icra edir. “Sizin Xəzər dənizində böyük potensialınız var və Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər”, - deyə o əlavə edib.
Görüşdə gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə toxunulub. Bildirildi ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması qərara alındı.
Birgə mətbuat bəyanatında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa Şurası “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracaq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər.
Son illər dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Məhz buna görə də bu gün Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş adlandırır. Bu səfər onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərə tamamilə yeni prizmadan yanaşır. Səfər tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yüksəldilməsinə mühüm töhfə verərək Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ kimi yadda qalacaq.
Nailə Tağızadə