.jpg)
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə tərəfdaş kimi işləyir. Təsadüfi deyildir ki, dövlətimiz Cənub qaz dəhlizinin əsas iştirakçısı, əsas təşəbbüskarıdır.
Cənub Qaz Dəhlizi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri, nəhəng infrastruktur layihəsidir. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Trans-Adriatik Qaz Boru Kəməri "Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
2026-cı il 3 mart tarixində Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir. Bu dəfəki toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edirdilər. Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam etdirildi.
Açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinə, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə, perspektivlərinə, ötən illər ərzində görülən işlərə və gələcək planlara toxundu. Qeyd edək ki, artıq Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Digər mühüm bir məqam isə, qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq ötən il avqustun 2-dən etibarən Azərbaycan Suriyaya qaz tədarükünə başlayıb. Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü olub. Dövlət başçısı bildirdi ki: “Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir”.
Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirməkdə davam edir. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Prezident İlham Əliyev qeyd etdi ki, qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. “Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır” – deyə dövlət başçısı vurğuladı. İlham Əliyev bildirdi ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.
Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəliklə bağlıdır. Bununla bağlı Azərbaycanın gördüyü işlərdən bəhs edən dövlət başçısı bildirdi ki, cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Prezident bildirdi ki, bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Dövlət başçısı bildirdi ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Bu böyük aktivi də ixrac etmək niyyətindəyik. “Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” – deyə dövlət başçısı bildirdi. O vurğuladı ki, bu, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir.
İlham Əliyev bildirdi ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir, eyni zamanda Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır.
Azərbaycan bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə olan ən böyük elektrik stansiyalarından birini əldə edib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. “Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır” – deyən dövlət başçısı bununla Azərbaycanın Avropa enerji bazarında genişlənməsi və möhkəmlənməsi üçün səylə çalışdığını vurğulamış oldu.
Dövlətimizin əldə etdiyi digər mühüm nailiyyət İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunmasıdır. Egey dənizinin Türkiyə sahillərində sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək.
Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen bildirdi ki, Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. Mövqeyini açıq şəkildə bəyan etməyi fürsət adlandıran komissar vurğuladı ki: “Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.
Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Prezident İlham Əliyev daim xüsusi vurğulayır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri baxımından da tarixi hadisədir. Bununla, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq. Azərbaycan bu gün dünyəvi arenada arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də, bugünki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək.
Nailə Tağızadə