
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir. Bakı ətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.
8 yanvar 2026-cı il tarixində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın “yaşıl enerji” siyasətində əldə etdiyi növbəti mühüm nailiyyət oldu. Stansiyanın təməlqoyma mərasimi 13 yanvar 2022-ci il tarixində keçirilmişdi. Layihə Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilib. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 MVt olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 MVt-lıq hissə isə Xızı rayonunun ərazisində yerləşdirilib. Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirdi ki, ölkədə enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib: "Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək".
Dövlət başçısı onu da xüsusi vurğuladı ki, bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur: “Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq”.
Müasir dövrdə dünyada baş verən qlobal ekoloji problemlər yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin axtarışı və tətbiqini aktual edir. Hal-hazırda enerjiyə getdikcə artan tələbatın ödənilməsi dünyanın üzləşdiyi əsas problemlərdəndir. Belə ki, bərpa olunmayan enerji mənbələrinin nə vaxtsa tükənəcəyi reallığı qaçılmazdır. Digər tərəfdən, ənənəvi enerjinin istismarı zamanı planetimizin ekoloji durumuna mənfi təsiri getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Belə olan halda bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi ön plana çıxır. Bu səbəbdəndir ki, bir sıra qabaqcıl dövlətlər enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır.
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri müəyyənləşdirilib. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsi qəti vəzifə olaraq müəyyən edilib.
Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir.
"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir. Bu layihə Azərbaycanın dayanıqlı inkişaf, innovasiya və iqlim məsuliyyəti prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji keçidində mühüm mərhələ, region üçün isə uğurlu tərəfdaşlıq modeli olmaqla, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəm təməlini formalaşdıracaq. Bu addım ölkəmizin ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir, eyni zamanda Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyini ifadə edir.
Nailə Tağızadə