
Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
2025-ci il 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü Türk dünyasının birliyini gücləndirən, gələcəyini müəyyənləşdirən bir görüş kimi xarakterizə oluna bilər. “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən bu Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edildiyi tarixi hadisədir. Qarabağ Zəfərindən sonra Azərbaycanın ev sahibliyi ilə keçirilən bu Zirvə Görüşü Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, Mərkəzi Asiyada artan təhlükəsizlik risklərinin idarə edilməsi və Avrasiyada yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır. Zirvə Görüşünün yekunu olaraq qəbul olunan Qəbələ Bəyannaməsində yer alan qərarlar təşkilatın gələcək strategiyasının müəyyənləşməsi və əhatə dairəsinin genişlənməsi baxımından mühüm önəm kəsb edir. Bəyannamədə xüsusi diqqətçəkən məqam yeni bir formatın - "TDT+" formatının yaradılması barədə qərar oldu. Belə ki, bu format təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan yaradacaq.
Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin olduqca vacib olduğunu bildirdi. Dövlət başçısı hərbi, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif etdi. İlham Əliyev Vaşinqtonda qəbul edilmiş Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasının Cənubi Qafqazı sülh məkanına çevirəcəyinə əminliyini ifadə etdi.
Qəbələ Zirvə görüşünün digər mühüm nəticəsi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyətinin genişləndirilməsinə dair razılığın əldə olunmasıdır. Zirvədə diqqət çəkən başqa bir tarixi hadisə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazıçı Çingiz Aytmatov haqqında kitabın, eləcə də “Oğuznamə” toplusunun Türkiyədə 2024-cü ildə Bakıda keçirilən toplantıda qəbul edilən ortaq türk əlifbası ilə nəşr olunacağı müjdəsini verməsi oldu. Bu addım, Türk dünyasında mədəni inteqrasiyanın konkret göstəricisi kimi böyük əhəmiyyət daşıyır. Rəcəb Tayyib Ərdoğan türk xalqlarının mədəni irsini qorumaqla yanaşı, süni intellekt texnologiyalarını da fəal şəkildə inkişaf etdirəcək “Böyük türk dili” modelinin daha fəal inkişafının vacibliyini vurğuladı. Türkiyə dövlətinin başçısı bildirdi ki: “Bu gün biz bir daha nümayiş etdiririk ki, həmrəylik, qarşılıqlı hörmət, qardaşlıq ruhunda irəliləyən türk dövlətləri öz gələcəyinə inamlıdır. Bizim övladlarımıza miras olaraq daha güclü Türk dünyasını buraxmaq üçün hər cür imkanımız var”. Bununla yanaşı, Prezident İlham Əliyevin 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayının davamı mahiyyətində yeni böyük bir türkoloji qurultay keçirilməsi təklifini irəli sürməsi türk dövlətləri arasında mədəni inteqrasiyanı elmi əsasda möhkəmləndirən növbəti mühüm addım oldu. Zirvə Görüşündə diqqətçəkən digər məqam isə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlinin qoyulması oldu. Qeyd edək ki, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçdi. Bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.
Qeyd edək ki, TDT, ümumilikdə, 170 milyondan artıq əhalini, 4,5 milyon kvadratkilometr ərazini, 2,1 trilyon ABŞ dolları həcmində Ümumi Daxili Məhsulu və zəngin təbii ehtiyatları özündə birləşdirir. Son illər təkcə ortaq mədəni və dil birliyi ilə deyil, iqtisadi inteqrasiya sahəsində atdığı uğurlu addımlarla da diqqətçəkən TDT fəaliyyət göstərdiyi müddətdə səmərəli inkişaf yolu keçib. Təşkilat 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyanı təmsil edərək qlobal miqyasda da güclü qurum kimi tanınıb. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 4 milyard 737 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 226,3 milyon dollar və ya 5 faiz artım deməkdir. Ümumilikdə isə hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7 faizinə bərəbər olub. Zirvə Görüşündə İlham Əliyev hazırda Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində də işlənildiyini bildirdi.
TDT artıq təkcə mədəni inteqrasiyanın deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının önəmli platformasına çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır. Türk dövlətlərinin Orta Dəhliz layihəsinin həyata keçirilməsi sülhün, əməkdaşlığın təmin edilməsinə, ümumi maraqların həyata keçirilməsinə səbəb olur.
Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu qurumdur. Qəbələ Zirvə Görüşü TDT-nin təkcə regionda deyil, həm də qlobal miqyasda böyük güc olduğu faktını nümayiş etdirdi. Görüş üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunda çıxış edəcək, bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Bu görüşdə TDT-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından qəbul edilən qərarlar Türk dünyasının yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər. TDT qarşıdakı illərdə Avrasiya məkanında əsas söz sahibi, qərarverici iqtisadi gücə çevrilə bilər. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Müasir dövrün reallıqları göstərir ki, Türk dünyası birgə addımlamalı, birlikdə böyüyüb, inkişaf etməli, əngəllərə qarşı birgə mübarizə aparmalıdır.
Nailə Tağızadə