Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ …

 

Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük yeddilik”də təmsil olunan İtaliya  Azərbaycanla əlaqələrin əhatə dairəsinin genişləndirilməsinə xüsusi maraq göstərir. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Xüsusilə də Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxardı.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildən bəri İtaliyaya 3 səfər reallaşdırıb. Dövlət başçısının iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci il avqustun 31-də İtaliyaya işgüzar səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaratdı. Səfər zamanı Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi.

Xüsusi vurğulanmalıdır ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.  İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi yanacağın ixrac edilməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərir. Azərbaycan ötən il Avropaya qaz tədarükünü 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatdırıb. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır.

Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, “Azərenerji” ASC-nin və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz “Ansal jh jvhbdo Energia” şirkətinin üzərinə düşüb. Prezident İlham Əliyev müsahibəsində bununla əlaqədar qeyd edib: “İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.

2025-ci il 30 sentyabr-1 oktyabr tarixlərində İtaliya Prezidenti Sercio Mattarellanın respublikamıza səfəri iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmlənməsinə təkan oldu. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi.  İtaliya Prezidenti mətbuata bəyanatında bildirdi ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və İtaliyanın Azərbaycanla əməkdaşlığı bu çərçivədə də çox əhəmiyyətli olacaqdır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. İtaliya Prezidenti isə bu hadisəni yüksək qiymətləndirərək universitetin Azərbaycan-İtaliya münasibətlərində qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığa xidmət edən addım olacağını bildirdi. Sercio Mattarella İtaliyanın bu dostluqdan çox fərəhləndiyini və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrində olduğunu vurğuladı.

Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu münasibətlər tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Prezidenti Sercio Mattarellanın səfəri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. 

                                                                                                         Nailə Tağızadə

2025-10-02 / 16:43
Facebook