Türk dünyasının birliyinə mühüm töhfə; Türkmənistan Zirvəsi …

 

22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində baş tutan Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü həm üç ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə, həm də türk dövlətlərinin birliyinin möhkəmlənməsinə töhfə oldu. Qeyd etmək lazımdır ki, son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Bu əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkmənistanda baş tutan bu görüş türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş birliyinin daha da dərinləşdiyinin növbəti bariz nümunəsi oldu.

Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu eyni kökdən, eyni inamdan, eyni dildən və eyni mədəniyyət mühitindən qidalanıb. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına  uyğun olaraq yalnız bugünə istiqamətlənməyib, eyni zamanda gələcəyin daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir.

Üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir. Bakı və Türkmənbaşı limanlarının imkanlarının birləşdirilməsi, dəmir yolu xətlərinin inteqrasiyası, tranzit və bərə daşımalarının inkişafı "Böyük İpək Yolu"nun bərpasına xidmət edir. Bu, həm region ölkələrinin iqtisadiyyatını gücləndirəcək, həm də Avropa ilə Asiyanı birləşdirən yeni ticarət marşrutlarının daha səmərəli işləməsinə şərait yaradacaq. Bu razılaşmalar türk dünyasının iqtisadi və logistik gücünün birləşdirilməsi, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. 

Üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qəbul etdikləri Birgə Bəyanat bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Liderlər üç ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlər üzrə inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi apardılar. Onlar regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyətini qeyd etdilər. Azərbaycan, Türkmənistan və Özbəkistan kimi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri coğrafi baxımdan strateji bir mövqedə yerləşir və bu, onlara Şərqlə Qərb, həmçinin Şimal ilə Cənub arasında körpü rolu oynamağa imkan verir.

Çıxışında tərəfləri qarşıda gözləyən böyük işlərdən danışan Azərbaycan lideri onların rellaşması üçün zəruri inzibati-hüquqi prosedurlara start verildiyini bildirdi: “Bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi – nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur”. 

Üçtərəfli görüşdə diqqətçəkən məqam liderlərin humanitar məsələlərə xüsusi həssaslıqla yanaşması oldu. Füzuli şəhəri ilə Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol isə iki xalq arasında tarixi qardaşlıq əlaqələrinin rəmzi ifadəsi idi. Qeyd edək ki, ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda işgüzar səfərdə olmuşdu. Bu barədə danışan İlham Əliyev həmin səfərin son dərəcə səmərəli keçdiyini, Bakıda əhatəli danışıqlar apardıqdan sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdiklərini diqqətə çatdırdı. Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin inşa olunması barədə qərar qəbul edildiyini vurğulamışdı. Bu səfərdən qısa müddət keçməsinə baxmayaraq Füzulidə inşa ediləcək məscidin layihə eskizi artıq hazırdır. Yaxın gələcəkdə isə bu dini məbədin təməlinin qoyulacağı gözlənilir. “Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu, belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür” – deyə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər üçtərəfli görüşün əhəmiyyətinə verilən  ən düzgün qiymət oldu.

Ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də üç xalq, üç dövlət arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, bu üç ölkə arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, həm də “qardaşlıq” telləri üzərində qurulub. Bu münasibətlər yalnız ölkələrarası maraqlara xidmət etmir, eyni zamanda Xəzər hövzəsində, Mərkəzi Asiyada, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin, o cümlədən əməkdaşlığın dərinləşməsinə töhfə verir. Azərbaycanın təşəbbüsü ilə Mərkəzi Asiya ilə Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı asılılığı gücləndirməklə yanaşı  regional sabitliyə də imkan yaradır.  

                                                                                                        Nailə Tağızadə

2025-08-25 / 20:59
Facebook