
8 avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvətilə Vaşinqtona etdiyi səfərinin nəticələri istər Azərbaycan-ABŞ əməkdaşlığında, istərsə də Ermənistanla yaxınlaşan sülhdə yeni bir səhifə açdı. Bu səfəri Azərbaycanın növbəti diplomatik zəfəri adlandırmaq mümkündür.
ABŞ prezidentinin şahidliyi ilə Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanması bu günə qədər sülh yolunda əldə olunmuş ən mühüm və ən etibarlı razılaşmadır. Düzdür, paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə, bu istiqamətdə atılan ciddi addımdır.
Sənəddə Minsk qrupunun ləğv edilməsinə dair iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir. Qeyd edək ki, onilliklər boyu heç bir işə yaramayan, münaqişənin həllinə deyil, dondurulmuş vəziyyətə uzanmasına xidmət etmiş Minsk qrupunun ləğvi rəsmi Bakının sülh müqaviləsini imzalamaq üçün Ermənistanın qarşısına qoyduğu tələblərdən biri idi.
Vaşinqton bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni, yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.
Nəzərə alınmalıdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsasını təşkil edən “5 əsas prinsip” 2022-ci ildə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü. Vaşinqtonda imzalanmış sənədlər də göstərdi ki, həm bu 5 prinsip, həm də Azərbaycanın Ermənistan qarşısında qoyduğu digər tələblər qəbul olunur və artıq həyata keçməkdədir.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. İlk öncə Ermənistan cəmiyyətində və hakimiyyətində kəskin reaksiyalara səbəb olan bu tələb artıq Ermənistan tərəfindən də qəbul edildi. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu ki, bununla, Zəngəzur dəhlizinin tezliklə reallaşacağı öz isbatını tapdı.
Qeyd edək ki, bu səfər Azərbaycan-ABŞ əlaqələrində də yeni bir səhifə açdı, imzalanan sənədlər isə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxardı. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı 3 istiqaməti əhatə edəcək; - Birincisi, enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; - İkincisi, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; - Üçüncüsü, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq. Bu məqsədlərlə yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.
Səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdi. Bu sənəd Amerika-Azərbaycan əlaqələrinin inkişafına mane olan əsas amil idi və zaman-zaman erməni lobbisinin təsiri altında Amerikanın hakim dairələri bu sənəddən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı.
Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi düzən formalaşdırıb. Məhz bu reallıq bugünki sülh prosesini mümkün edib və Vaşinqton səfərinin nəticələri həmin prosesin beynəlxalq legitimləşməsi istiqamətində mühüm addım sayıla bilər. Trampın şəxsi təşəbbüsü və dəvəti ilə keçirilən bu sammit ABŞ-nin Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu əməkdaşlıqdan Azərbaycanın həm siyasi, həm də iqtisadi və təhlükəsizlik müstəvisində qazancları olacaq. Vaşinqtonda imzalanan sənəd Azərbaycanla Ermənistan arasında illərdir davam edən sülh gündəliyini reallaşdıracaq, eyni zamanda Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq. Regionda yeni əməkdaşlıq başlayır və bundan bütün region dövlətləri faydalana bilər. Bu səbəbdəndir ki, beynəlxalq təşkilatlar və əksər dövlətlər, hətta bir çox anti-Azərbaycan qüvvələr belə Vaşinqton razılaşmasını dəstəkləyir. Çünki Azərbaycanın təşəbbüsü və dəstəyilə regionda qlobal miqyaslı layihələr reallaşır, bölgədə sülh və əməkdaşlıq güclənir.
Nailə Tağızadə