
19-21 iyul 2025-ci il tarixlərində regional və beynəlxalq məsələlərin müzakirə olunduğu III Şuşa Qlobal Media Forumu baş tutdu. Budəfəki foruma Xankəndi ev sahibliyi etdi. Artıq Azərbaycanın təşəbbüsü ilə qlobal mövzuların müzakirə olunduğu toplantıların Qarabağda keçirilməsi ənənə halını alıb. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq təbliği, həm də Qarabağda həyata keçirilən sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir. III Şuşa Qlobal Media Forumunun Milli Mətbuat gününün qeyd olunduğu ərəfədə keçirilməsi də xüsusi anlam daşıyır. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak etdi. Forum iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var idi. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Qarabağ bölgəsində aparılan bərpa işlərinin miqyası haqqında daha dolğun təsəvvür əldə etmək üçün forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Xocalıya səfərləri də baş tutdu.
III Qlobal Forumun iştirakçıları Xankəndidə süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələr apardılar. Budəfəki Forumda da Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandırdı. Həm Cənubi Qafqazda gedən geosiyasi proseslər, eyni zamanda, qlobal dünya gündəmini əhatə edən mövzular müzakirə olundu.
Prezident İlham Əliyev öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin vurğuladığı əsas məsələlərdən biri də informasiya təhlükəsizliyi və qərəzli media kampaniyalarına qarşı mübarizə idi. Azərbaycanın beynəlxalq informasiya məkanında getdikcə daha fəal rol oynaması bu baxımdan strateji əhəmiyyət daşıyır. Milli Mətbuatın 150 illiyi ərəfəsində baş tutan Forumda dövlət başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu da ön plana çəkildi. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu proseslərdən təcrid edə bilər. Bu isə regionda güc balansının getdikcə Azərbaycanın xeyrinə dəyişdiyini göstərir. Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi.
Forum zamanı Prezident AZAL təyyarəsinin qəzası ilə bağlı sualı cavablandıraraq bildirdi ki, bu hadisə ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilməyib. Prezident Azərbaycan tərəfinin hadisənin təfərrüatlarını bildiyini və təzminat məsələsinin açıq qalmasını ədalətsiz hesab etdiyini ifadə etdi. Dövlət başçısı bildirdi ki, Baş prokurorluq tərəfindən müntəzəm olaraq Rusiyaya məktub ünvanlanır, qarşı tərəf isə təhqiqatın davam etdiyini bildirir. “Biz gözləyirik görək nə zaman bitir bu təhqiqat. Bu o demək deyil ki, biz bunu unudanıq. Bunu unuda bilmərik. Artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazım olacaq. Amma biz ədalətə nail olacağıq” –deyə Prezident Azərbaycanın qəti mövqeyini beynəlxalq forum vasitəsilə bir daha bəyan etdi.
Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun prezidentə ünvanladığı “… Siz, Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, “bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olub. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi”. Bu cavabla dövlət başçısı özünün lider kimi qətiyyətini bir daha meydana qoydu. Prezident bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan heç bir halda işğal faktoru ilə barışmır. 30 ilə yaxın işğaldan əziyyət çəkən bir dövlət olaraq işğalla üzləşən digər ölkələrə də eyni dərəcədə həssaslıqla yanaşırıq və ədalətin bərpa olunması tərəfdarıyıq.
Dövlətimizin başçısı növbəti dəfə açıq şəkildə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Dövlət başçısı bildirdi ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır. Ermənistan da əgər doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda deyil, əməli addımlarda göstərməlidir.
Azərbaycanın siyasi iradəsi bu gün yalnız regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrilib. Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Forum Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirir. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın mövcud gücünün ifadəsidir. Budəfəki forumun Xankəndidə baş tutması onu göstərir ki, Şuşa kimi Xankəndidə artıq qlobal məsələlərinin müzakirə olunduğu məkana çevrilib. Dövlət başçısı yenə də xoş məramını ifadə edərək, region dövlətləri ilə mehriban qonşuluq siyasətinə sadiqliyini bildirdi. Bunun üçün Ermənistan hökumətinin və cəmiyyətinin üzərinə məsuliyyət düşür. Ermənistan aldığı dərsdən nəticə çıxarmalı, regionda sülh və sabitliyin yaranması üçün addım atmalıdır. Ümid edək ki, dövlət başçımızın Xankəndidə dünyanın çoxsaylı media təmsilçilərinin qarşısında söylədikləri gerçəkləri rəsmi İrəvan nəzərə alacaq, sülhün mümkün qədər tezləşməsi üçün Azərbaycan kimi əmək sərf edəcək.
Nailə Tağızadə