
Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Burada geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə çulğaşıb. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq bir layihədir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapmışdır. Bu əlaqə Zəngəzur Dəhlizi vasitəsilə təmin edilməlidir. Ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək. Ən əsas amil isə bu dəhlizi reallaşdırmaqla Azərbaycan tarixi ədaləti bərpa edəcək. Dövlət başçısının da vurğuladığı kimi, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir...”.
Təsadüfi deyil ki, bir çox geosiyasi aktorlar da Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Xüsusi vurğulanmalıdır ki, artıq ABŞ da məsələyə müdaxilə edərək təklif irəli sürüb. Rəsmi Vaşinqton Zəngəzur dəhlizinin idarəsini neytral kommersiya operatoru vasitəsilə üzərinə götürmək niyyətindədir. Bu təklif tərəflər arasında gərgin müzakirə olunan 32 kilometrlik marşrutun gələcəyinə aydınlıq gətirəcək. ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın sözlərinə görə, təşəbbüs sülh sazişinin imzalanması prosesinə ciddi təkan verəcək. Ermənistan ilkin olaraq bu barədə heç bir danışığın olmadığı, bununla bağlı fikir olmadığı barədə bəyanat versə də iyulun 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib ki, ABŞ, Aİ və Çin Zəngəzur dəhlizinin autsorsinqində maraqlıdırlar. "Ermənistan üçün ABŞ və Aİ-nin marağı maraqlıdır. İndi ABŞ-nin təklifi müzakirə olunur. Biz bunda maraqlıyıq. Hələlik razılıq yoxdur, lakin ola bilər. Çin də maraqlıdır", - deyə o qeyd edib.
Eyni zamanda Paşinyan Azərbaycan lideri ilə Əbu-Dabidəki görüşün müsbət nəticələr verə biləcəyini deyib. O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var. “Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik”, - deyə Paşinyan qeyd edib.
O həmçinin Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. Paşinyan bildirib ki: "Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi".Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir. "Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım", - deyə o qeyd edib. Paşinyanın müsbət mesajlar verdiyi bu çıxışından belə bir nəticə hasil olur ki, Nikol Paşinyan bölgədə nəqliyyat infrastrukturunun açılmasına, o cümlədən Ermənistan ərazisindən Ermənistan ərazisinə Azərbaycan vasitəsilə, eləcə də Azərbaycan ərazisindən Azərbaycan ərazisinə Ermənistan vasitəsilə keçidə razılıq verib. Bu da onu göstərir ki, Ermənistan hakimiyyəti də artıq sülh müqaviləsinin razılaşdırılması yolundadır və sülh yolu ilə regionda Azərbaycanın birbaşa təşkilatçılığı və dəstəyi ilə həyata keçirilən layihələrdə iştirakçı olmağa çalışır.
Zəngəzur dəhlizi məsələsi Bakı ilə İrəvanın müzakirə predmetidir. Ona görə də müzakirə ikili müstəvidə aparılmalıdır. İrəvanla Bakının heç bir kənar vasitəçi olmadan konkret razılığa gəlməsi ən doğru yol hesab oluna bilər. Rəsmi Bakı vasitəçisiz danışıq tərəfdarıdır. Rəsmi İrəvan da bu mövqedə dayansa iki dövlət arasında danışıqları sürətləndirməklə ortaq məxrəcə gəlinə bilər. Bölgənin gələcəyi çoxtərəfli əməkdaşlıqla əlaqəlidir və Zəngəzur dəhlizinin açılması bu mənada əsas məqamdır. İqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 75 faizini təşkil edən Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün faydalıdır. Ermənistan Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Ermənistan inkişaf və sabitlik istəyirsə Azərbaycanın təklif etdiyi əməkdaşlıq formulunu qəbul etməlidir.
Nailə Tağızadə