Əbu-Dabi görüşü; sülh prosesində mühüm irəliləyiş …

 

İyulun 10-da Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüş Azərbaycan tərəfinin israrı ilə vasitəçi olmadan həyata keçirildi.

Qeyd edək ki, rəsmi Bakı ikitərəfli, birbaşa görüş tərəfdarıdır. Və ilk dəfə bu təşəbbüs reallaşandan sonra sülh sazişi ilə bağlı sənəd də hazır olmuşdu. Türkiyə KİV-inə müsahibəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da qeyd etmişdi ki, Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır. O xatırlatmışdı ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib: “Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub”.

Budəfəki görüş yeri kimi məhz Əbu-Dabinin seçilməsi xüsusi mahiyyət daşıyır. BƏƏ Azərbaycana dost ölkə olmaqla yanaşı, indiyədək nə münaqişənin gedişində tərəf tutub, nə də danışıqlarda moderatorluq etmək uğrunda mübarizə aparıb. Bu mənada, görünən odur ki, Əbu-Dabi məhz Azərbaycan tərəfinin təklifi ilə neytral danışıq meydançası olaraq seçilib.

Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı.

Əbu-Dabi görüşündə Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.

Xüsusi vurğulanmalıdır ki, Əbu-Dabi görüşündən sonra yekun sülhə doğru vacib addımların atılacağı gözlənilir. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcud olduğu, İrəvanın regional kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi şəraitdə Azərbaycanın müqaviləyə imza atacağı real görünmür. ATƏT-in Minsk qrupunun buraxılması məsələsi də var.

Görüşdə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığını bildirilir. Bu günlərdə ABŞ rəsmisi Ceyms O’Brayn bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Aralıq dənizindən Qara dənizə çıxaraq Qazaxıstandan Türkiyəyə uzanan ticarət yoluna sahib olmaq imkanı verəcək: “Bu marşrut Azərbaycan ərazisindən keçərək Gürcüstana Qara dənizə qədər uzanan başqa bir marşrutu tamamlayacaq. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik”. Ermənistanın Baş naziri də bu yaxınlarda verdiyi açıqlamada Zəngəzur yolunun Latviyadan keçən Kalininqrad yolu statusunda olmasına etiraz etmədiklərini bildirib. Bir müddət əvvəl isə o, yola nəzarəti ABŞ şirkətlərinə verə biləcəklərini istisna etməmişdi.

Aparıcı güclərin bu yolun açılmasında maraqlı olması rəsmi İrəvanın da mövqeyinin Azərbaycan və Türkiyənin irəli sürdükləri təşəbbüsə yaxınlaşmasına imkan verir. Bu mənada, rəsmi Bakı həm də isbat edir ki, bölgənin gələcəyi məhz onun liderliyi ilə müəyyən edilir. Görünən odur ki, bu reallıqları artıq Ermənistan da qəbul etməkdədir.

Qeyd edək ki, son zamanlar Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırıb. Paşinyan hakimiyyətinin Eçmiədzinlə münaqişəsi alovlanan vaxt meydana Rusiyada işləyən erməni oliqarx Samvel Karapetyan çıxıb və hökumətin əleyhinə şüarlar səsləndirib. Paşinyan iqtidarı bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək Karapetyanı, həmçinin, Erməni Apostol Kilsəsinin iki üzdə olan keşişini həbs edərək zindana atıb. Revanşist qüvvələr məlum kənar təsirlərə də uyaraq öz sərsəm iddialarını yenidən reallaşdıra biləcəklərinə inanırlar. 2026-cı il seçkilərində respublikaçıların qələbə qazanacağı təqdirdə regionu yeni müharibə riski gözləyir və revanşistlər ölkəni müharibə fəlakətinə sürükləyəcəyinin anonsunu verir.Və bu səbəbdən də revanşist qüvvələr sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışırlar. Ermənistanda baş verən dərin ictimai-siyasi böhran fonunda Paşinyan sülh müqaviləsi ilə bağlı razılığa gəlməklə Ermənistanın parlaq gələcəyinə imza atmış olar. Ermənistanın dalandan və dərin iqtisadi böhrandan çıxışı Azərbaycanın vasitəçiliylə mümkündür.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın nazirliyin teleqram kanalında dərc olunan açıqlamasında bildirilib ki, Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub. "Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər", - A.Badalyan qeyd edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus isə mətbuat konfransında bildirib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh istiqamətində səylərini dəstəkləyir. "Biz Cənubi Qafqazda sülh və sabitliyin təşviqi istiqamətində səyləri dəstəkləyirik", - deyə o, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı sualı cavablandırarkən bildirib.

Ümumiyyətlə, bu görüşü Azərbaycan diplomatiyasının növbəti bir qələbəsi olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin haqlı mövqeyi bir daha təsdiqləndi, Azərbaycan öz şərtlərini bir daha diqtə edə bildi. Normallaşma istiqamətində proseslər Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan yenə də bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq sülh razılaşması barədə öhdəlik götürdü. Azərbaycanın tarixi hərbi qələbəsi, uğurlu və çevik xarici strategiyası bu nəticələrin təməlidir. Bu görüş bir daha göstərdi ki, Azərbaycan regionda sabitliyin yaranmasının təminatçısıdır, tezliklə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Cənubi Qafqaz yaxın gələcəkdə Şərqlə Qərb arasında mühüm ticarət xəttinin əsas uzalaşma nöqtəsinə çevriləcək. Bu baxımdan böyük güclər də regionda təhlükəsizliyin, dinc yaşayış mühitinin formalaşmasında maraqlıdır və məsələnin tezliklə həll olunması istiqamətində çalışmağa hazırdır. Azərbaycan Ermənistanla qonşuluq şəraitində yaşamağa üstünlük verən addımlar atır, amma Ermənistan bundan sonrakı seçimini özü etməlidir. Ermənistanın siyasi rəhbərliyi anlamalıdır ki, Azərbaycan bu gün regionda yeni bir reallıq formalaşdırıb. Ermənistan qərəzli addımından əl çəkməli, regionun real mənzərəsini qiymətləndirib sülh üçün çalışmalıdır.

                                                                                                      Nailə Tağızadə

2025-07-11 / 17:24
Facebook