Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Məhz Pakistan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdir. Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin həllində də hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi də Türkiyə və Pakistandan aldıq. Ordumuzun əldə etdiyi qələbə hər iki qardaş ölkədə çoşğu ilə qarşılandı, ölkəmizin hər yerində - küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağı dalğalandı.
2025-ci il 24 fevral tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, dövlət başçımız tərəfindən xüsusi ehtiramla qəbul olunması Azərbaycanın qardaş Pakistan xalqına olan dərin rəğbətini və sevgisini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində dövlət başçısı ilə Baş nazir arasında təkbətək və geniş tərkibdə görüşlər, mətbuata çıxış, imzalanmış sənədlərin mübadiləsi və Azərbaycan-Pakistan biznes forumu baş tutdu.
Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü zamanı bu səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı vurğuladı ki, Pakistana dövlət səfəri zamanı rəsmən bəyan etdiyi kimi Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirdi ki: “İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra mən 2 milyard dollar dəyərində razılıqları tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf və sevinc hissi keçirəcəyəm”. Şahbaz Şərif Prezident İlham Əliyevlə geniş tərkibli görüş zamanı iyulda yenidən Azərbaycana səfər edəcəyini, növbəti səfər zamanı Şuşaya da getmək istədiyini vurğuladı.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi oldu. Qeyd edək ki, iki ölkənin hökumətləri arasında müxtəlif iqtisadi sahələri əhatə edən anlaşma memorandumları imzalanıb. Bu sazişlər əməkdaşlığa strukturlaşdırılmış yanaşma təmin edərək hər iki tərəfə uzunmüddətli iqtisadi faydalar qazandıracaq, eyni zamanda imzalanmış sənədlər böyük əhəmiyyətə malik olmaqla qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan biznes forumunda bildirdi ki, Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək. Qeyd edək ki, bu il fevralın 12-də İslamabad şəhərində Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi keçirilib. Şahbaz Şərif vurğulayıb ki, bu iki palata sıx əməkdaşlıq edərək bir-birini qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə informasiya verə bilər.
Dövlət başçısının da qeyd etdiyi kimi, Baş nazirlə müzakirə edilən məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. İlham Əliyev bildirdi ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, görüş zamanı müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları da müzakirə edilib. Məlumdur ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirmək niyyətindədir və artıq müdafiə sənayesinin məhsullarını 30-dan çox ölkəyə ixrac edilir. Prezident qeyd etdi ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.
Azərbaycan-Pakistan münasibətləri gələcəkdə daha da inkişaf edəcək və yeni əməkdaşlıq imkanları yaranacaq. İki ölkə arasında iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. Pakistanın Baş naziri Şahbaz Şərifin bu səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə imkan yaradacaq. Səfər nəticəsində diplomatik əlaqələrimizin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də yeni səhifələr açılacaq. Azərbaycanla Pakistan arasında əməkdaşlığın şaxələndirilməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirir. Bu əlaqələr Türk dövlətləri üçün də sabitlik və iqtisadi inkişafı təşviq etmək baxımından önəmlidir. Pakistan hər zaman türk dövlətləri ilə qardaşlıq və həmrəylik nümayiş etdirir. Türk birliyi nüvə silahına sahib Pakistanın dəstəyi ilə daha böyük gücə çevriləcək. Bu isə yeni bir tarixi dövrün başlanğıcı hesab oluna bilər.
Nailə Tağızadə