Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Xüsusilə də Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxardı.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildən bəri İtaliyaya 3 səfər reallaşdırıb. Dövlət başçısının iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci il avqustun 31-də İtaliyaya işgüzar səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaratdı. Səfər zamanı Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
Xüsusi vurğulanmalıdır ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür.
Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, “Azərenerji” ASC-nin və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz “Ansal jh jvhbdo Energia” şirkətinin üzərinə düşüb. Prezident İlham Əliyev müsahibəsində bununla əlaqədar qeyd edib: “İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.
Prezident İlham Əliyev 4-6 sentyabr tarixlərində İtaliyaya növbəti səfəri çərçivəsində İtaliyanın prezidenti, baş naziri ilə görüşməklə yanaşı, bir çox dünya səviyyəli beynəlxalq şirkətlərin rəhbərləri ilə də görüşdü Dövlət başçımız ikinci dəfədir ki, Beynəlxalq Çernobbio Forumunda çıxış edir. İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik adlandırdı. Dövlət başçısı vurğuladı ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var.
Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu münasibətlər tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin 4-6 sentyabr tarixlərində İtaliyaya baş tutan növbəti səfəri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.
Nailə Tağızadə