Bu gün Azərbaycanın iqtisadi-maliyyə imkanları genişləndikcə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayrılan vəsaitlərin həcmi də artırılır. 2018-ci il aprelin 11-də Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında dediyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri yaşadığımız həyatda öz təsdiqini tapıb, gerçəkliyə çevrilib. Dövlət başçısının tapşırığı ilə ölkəmizdə həyata keçirilən köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı sahəsində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ciddi irəliləyişlərə imkan verdi. Səffaflaşdırma, iqtisadiyyatın ağardılması tədbirlərinin nəticəsi olaraq büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər də məhz sosial məqsədlərə yönəldilir. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. 2023-cü il də ölkəmizdə sosial islahatların prioritet təşkil edəcəyi il olacaq. Dövlət başçısının 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam respublikamızda son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Qeyd edək ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Bütövlükdə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 700 min vətəndaşımızı əhatə edəcək minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Vacib məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilə bilməz.
2023-cü ildə pensiyalar fərqli təqaüdlər üzrə fərqli qaydada artırılacaq. Belə ki, 2023-cü ildə orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır. “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, cari ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək ki, bu da ölkə üzrə təqaüdçülərin pensiya təminatını uğurla həyata keçirməyə imkan verəcək.
Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla ölkəmizdə 2023-cü ildə minimum pensiyanın artırılması hədəflənib. Bununla bağlı Nazirlər Kabineti 10 gün ərzində dövlət başçısına təkliflər təqdim edəcək. Nəticədə, minimum aylıq pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.
Sayca 4-cü olan yeni islahat paketini yüksək dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, sənədə əsasən yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin də məbləğlərinin artırılması nəzərdə tutulur. Belə ki, sənədlə Nazirlər Kabinetinə 10 gün müddətində sosial müavinətlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bu isə o deməkdir ki, yanvarın 15-dək Nazirlər Kabineti sosial müavinətlər və təqaüdlərin artımı ilə bağlı təkliflərini dövlət başçısına təqdim edəcək.
Ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub. 2022-ci ildə reallaşdırılan sosial məzmunlu islahatlardan təxminən 3 milyon 400 min insan faydalanmaq imkanı qazanıb.
Qlobal pandemiya və dünyanı bürüyən iqtisadi böhran şəraitində bu cür intensiv və ardıcıl sosial islahatların aparıldığı ölkələrin sayı çox azdır. Bütün qlobal çətinliklərə rəğmən Azərbaycanda son illərdə sosial sferada hər hansı bir tərəddüdlər müşahidə edilmədi, əksinə vətəndaşlar dövlət tərəfindən dəstəkləndilər, əməkhaqları və iş yerləri qorundu. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini və ölkəmizin gücünü nümayiş etdirir.
Bütövlükdə, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub. 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, son 5 il ərzində davamlı xarakter alan uğurlu sosial islahatlar əhalinin maddi vəziyyətinin, həyat şəraitinin yaxşılaşmasına, rifah halının yüksəlməsinə səbəb olub, ölkəmizin sosial dövlət kimi qazandığı mühüm uğurlarda öz əməli təsdiqini tapıb.
Nailə Tağızadə