Yenidən dirçələn Ağdam ...

 

"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentrə çevrilib. Bu mənada "Ağdam" — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.  Ağdamın rayon kimi yaranma tarixi 1930-cu ilə aiddir. Hər bir sahədə Vətənimizin qabaqcıl guşəsi olan Ağdamın böyük bir hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdilər. İşğal edilmiş rayonların arasında əhalisinin sayına görə Ağdam ən böyük rayon idi. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Hesablamalara görə,  işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna” qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər ermənini qanunsuz olaraq məskunlaşdırmışdır. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb, 2010-cu ildə “Əl-Cəzirə” isə Ağdamı “ruhlar şəhəri” siyahısına salmışdır.

Ağdam Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də döyüşsüz dövlətimizə təhvil verildi. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da həyat yenidən başlayır. 2020-ci il 23 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Xaraba vəziyyətinə salınmış şəhərlə tanış olan dövlət başçısı Ağdamın tezliklə yenidən dirçələcəyi anonsunu verdi.

2021-ci il 28 may Müstəqillik günündə Ağdam şəhərinin Baş Planı Prezident İlham Əliyevə təqdim olundu. Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə uzunmüddətli iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Plana əsasən Ağdamda həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Prezident İlham Əliyevin iştirakı ilə ilk inşa olunacaq yaşayış binasının təməli qoyuldu. ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühendislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. İşğal muzeyində 30 illik işğal dövründə Azərbaycan xalqının ağrılı-acılı günləri, Ağdamın yerlə-yeksan edilməsi, Zəfər muzeyində isə qəhrəman oğullarımızın igidlik nümunələri gələcək nəsillərə çatdırılacaq.

Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Mərkəzi hissə şəhərin  ən sıx yerini təşkil edəcək. Şəhərin ətrafı intensiv bağlarla əhatə olunacaq.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixində Ağdamda Bərdə-Ağdam avtomobil yolunun, ilk yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyması, park-meşədə ağac əkməsi şəhərə yeni nəfəs gətirdi. İnşası davam edən məktəbdə təqribən minə yaxın şagird oxuyacaq.

14 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev Ağdama səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdi. Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.

Bu səfər  çərçivəsində dövlət başçısı Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması deməkdir. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə 2022-ci 4 oktyabr tarixində Ağdama baş tutan növbəti səfərinin proqramı da kifayət qədər zəngin oldu. Dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərinə qatıldılar. Dövlətimizin başçısı və birinci xanım, eyni zamanda, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etdilər. 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun baş tutması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yeni uğurlu platforma oldu. 44 ölkədən 130-dan artıq nümayəndənin də iştirak etdiyi bu forumda qonaqlar erməni barbarlığının əyani şahidi oldular və dövlətimizin iki ilə yaxındır ki Ağdamda, bütövlükdə Qarabağda reallaşan sürətli quruculuq işləri ilə də tanış oldular.

Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Qarabağın digər bölgələri kimi Ağdam da dirçəlir, canlanır. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Rayon həm mədəni, həm də iqtisadi sahədə yenə öz sözünü deyəcək və xalqımıza yeni töhfələr verəcəkdir. 

                                                                                                       Nailə Tağızadə

2022-10-12 / 12:48
Facebook