Dövlət gənclər siyasəti; təməlləri və perspektivləri

Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrə hesab olunur. Gənclər ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur.

Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını  açıq-aydın görmək mümkündür. Bu, heç də təsadüfi deyil. Çünki gənclik aparıcı qüvvə olmaqla dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirir, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verir. Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik yeni nəslin formalaşması dövlətin parlaq inkişafının qarantı rolunda çıxış edir.  

Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Bu mənada,  müasir Azərbaycan dövlətinin gələcəyi işıqlıdır və zəmanətlidir. Ona görə ki, bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir və bu sahədə praqmatik siyasət yürüdülür.

Bu gün Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ümummilli məsələlərə  prinsipial vətəndaşlıq mövqeyindən yanaşırlar. Ölkəmizin sosial-iqtisadi, mənəvi-mədəni sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərlər əsasında inkişafına hərtərəfli dəstək verir, əldə olunan nəticələri yüksək qiymətləndirirlər. Bütün bunları ümummilli lider Heydər Əliyevin  və onun layiqli davamçısı İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab etmək olar.

Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli  qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən gənclərlə işə böyük diqqət ayırmışdı. Yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərmişdi. Hansı ki, həmin kadrlar Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayıblar. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra da dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir” deyən ulu öndər Heydər Əliyev bu gələcəyi möhkəm əsaslarla qurmaq naminə sağlam düşüncəli yeni nəslin yetişdirilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar.

"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" deyən Ulu Öndər 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyini (2006-cı ildən Gənclər və İdman Nazirliyi) yaratdı. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.

Gənclərə etibar edən ulu öndər onlarla mütəmadi görüşlər keçirir, düşüncələrini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Gənclərlə ünsiyyətin qurulması üçün ilk dəfə umummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və 1996-cı ildən başlayaraq bu forumlar keçirildi. I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı artdı. 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. İki il sonra isə keçirilmiş gənclərin II forumu, həmçinin imzalanmış "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu", "Gənclər siyasəti haqqında" proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. Verilmiş qərarlar isə gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaratdı.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü idi. Xüsusilə 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri onların həyatında mühüm siyasi dönüş yaratdı O, dövlətin beynəlxalq arenada çəkisinin artmasında dərin elmi biliyə və müxtəlif ixtisaslara yiyələnmiş peşəkar kadrların vacib olduğunu daim diqqət mərkəzinə çatdırırdı. 1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi  üzv seçildi. Ulu öndər Heydər Əliyev yeni nəslin müstəqil ölkəyə layiq tərbiyələnməsi və oxuması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Məhz həmin ərəfədə gəncliyin mənəvi yetkinlik qaynağı olan Azərbaycançılıq ideologiyası, düşüncələrə hakim kəsildi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 6 may tarixli Fərmanla qüvvəyə mindi.

Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşdılar. Sözügedən proses çərçivəsində müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlayan gənclərin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni inkişaf pilləsinə yüksəldi. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına" çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. 2007-ci il ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. 2013-cü il iyulun 2-də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi. Bundan başqa Prezident İlham Əliyev 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nı təsdiq etdi. Strategiyada irəli sürülən vəzifələrin uğurla icrası 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, elm və texnika sahəsində çalışan gənclərin sayının artırılması, mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının yüksəldilməsi, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi, gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlərə nail olunması Strategiyanın əsas və vacib gözləntilərindəndir.

2017-ci il 15 sentyabr tarixində İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. 2020-ci ilin “Könüllülər İli” elan edilməsi də gənclərə verilən diqqətin təzahürü idi. Könüllülər hərəkatının üzvü olan gənclərimiz müxtəlif sahələrdə çalışaraq bilik və bacarıqlarını daha da artırmaq imkanı əldə edir və uğurlu gələcəklərini təmin etmiş olurlar. 2020-ci il 22 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclası zamanı Prezident İlham Əliyev moderatorun “Ölkənizdə gənclər küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualını cavablandırarkən bildirmişdir: “Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonrada biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə edib, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməyib. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilib. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.

Bu illər ərzində ölkə gəncliyi Prezident İlham Əliyevin Qarabağ probleminin aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində apardığı siyasəti tam dəstəklədi. Məhz gənclərin rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. 44 günlük müharibədə gənclərimiz həm ön, həm də arxa cəbhədə inamla mübarizə apardı. Düşmənə dəmir yumruq göstərən igidlərimizlə yanaşı, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktları ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da gənclərimiz yüksək fəallıq nümayiş etdirdilər.

Müasir Azərbaycan gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə layiqli töhfə verirlər.  Onlar milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlamış, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşmışlar. Ölkədaxili aktivlikləri ilə kifayətlənməyən yeni nəsil müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlayıb. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda gənclərin oynadığı rol əvəzolunmazdır. Xüsusi diqqət gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə ayrılmışdır. Bu isə onların inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Dövlətin gənclərə ciddi dəstəyi sayəsində hər zaman olduğu kimi Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, bundan sonra da dövlətimizin parlaq gələcəyi, onlara miras verilmiş müstəqil Azərbaycanın daha qüdrətli olması, Vətənimizin inkişafı naminə böyük səylə çalışacaq. Bunun üçün gəncliyin birgə, mütəşəkkil olması lazımdır. Bu birlik isə Azərbaycan gəncliyinin  müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi dünyəvi arenada qəbul olunmasını təmin edəcəkdir. Qarşıda duran vacib məsələlərin həlli hər bir gəncdən maksimum məsuliyyət, bilik, bacarıq, fiziki sağlamlıq, mənəvi saflıq, həmçinin birlik və mütəşəkkillik tələb edir.

Nailə Tağızadə

 

2022-02-02 / 17:47
Facebook