Azərbaycanın ABŞ-yə qeyri-neft məhsulları ixracı 31 dəfədən çox artıb

 

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət dövriyyəsi 436 milyon 484 min ABŞ dolları təşkil edib.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 184 milyon 187 min ABŞ dolları artıb.

Hesabat dövründə Azərbaycandan ABŞ-yə qeyri-neft məhsulları ixracı 31.8 dəfə artaraq 164 milyon 482 min dollara, ABŞ-dən Azərbaycana ixrac isə 10% artaraq 272 milyon dollara bərabər olub.

Bu dövrdə Azərbaycandan ABŞ-yə əsasən qara kürü, mineral və ya kimyəvi azot gübrələri, tərkibində silisium olan ferrosilisium ərintiləri, alüminiumdan çubuqlar, profillər, qapılar, pəncərələr, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, mebellər və digər məhsullar ixrac edilib.

Qeyd edək ki, 2024-cü ilin I yarısında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 2%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin I yarısında Azərbaycanın ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 596 milyon ABŞ dolları təşkil edib.

2024-08-01 / 16:01
Facebook