Erməni sakinlərlə görüş prosesin Bakının yol xəritəsinə uyğun inkişaf etməsindən xəbər verir - ŞƏRH

 

Milli Məclisin deputatı Ramin Məmmədov və digər səlahiyyətli şəxslərin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə görüşü müsbət addımdır və bu, prosesin rəsmi Bakının yol xəritəsinə uyğun şəkildə inkişaf etməsindən xəbər verir.

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında normallaşma prosesinin iki istiqamət üzrə inkişaf etdiyini vurğulamışdı, qeyd etmişdi ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanacaq.

“Ruben Vardanyanın pozucu, təxribatçı fəaliyyətinə Azərbaycanın tələbinə əsasən son qoyulması, eləcə də ölkəmizin erməni kökənli əhalisinin təmsilçiləri keçirilən görüş normallaşma prosesinin hansısa xarici dairələrin sifarişi ilə deyil, dövlətimizin başçısının iradəsinə və prioritet hesab etdiyi prinsiplərə uyuğu olaraq gerçəkləşdirildiyini təsdiqləyir.

Xatırladım ki, görüşdən öncə, təxminən fevralın 26-dan başlayaraq Ermənistandakı revanşçı dairələrin nəzarətində olan media resursları, eləcə də bölgədə maraqları olan xarici qüvvələrin sosial şəbəkədəki təbliğatçı-təxribatçıları artıq belə bir görüşün keçirildiyi barədə məlumatlar yayır, prosesin ətrafında neqativ, qıcıqlandırıcı fon yaratmaqla Azərbaycanın erməni sakinləri ilə rəsmi Bakının müəyyən etdiyi daxili gündəlik əsasında təmasların qurulmasına maneə yaratmağa cəhd göstərirdilər.

Amma Azərbaycanın prinsipial mövqeyi pozucu qüvvələrin neytrallaşdırılması və erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaları üçün müzakirələrin başlanılmasına zəmin yaratdı. Növbəti görüşlərin Azərbaycanın digər ərazilərində, Bakıda, Gəncədə, Ağdamda keçiriləcəyi ilə bağlı məlumatlar da prosesin rəsmi Bakının müəyyənləşdirdiyi istiqamət üzrə inkişaf etdiriləcəyini söyləməyə əsas verir”, - deyə E.Mirzəbəyli qeyd edib.

O bildirib ki, erməni sakinlərin Azərbaycan Konstitusiyasının prinsiplərinə uyğun olaraq, cəmiyyətimizə inteqrasiya etmələri barədə müzakirələri Rusiyanın xarici işlər nazirinin ölkəmizə səfəri ilə əlaqələndirənlər isə, proses ətrafında netativ aura yaratmaq istəyənlər, Azərbaycanın daxil gündəmində olan məsələləri geosiyasi qütblərin kontektində təqdim etməklə, bundan faydalanmağı arzulayanlardır.

2023-03-01 / 17:37
Facebook