2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn bütün öhdəlikləri yerinə yetirsə də Ermənistan dünyanın gözü qarşısında bu öhdəlikləri kobud şəkildə pozmaqda davam edir. Azərbaycan bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanmasını təklif edib, bu istiqamətdə səylərini artırdığı halda, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri, təxribatları, törətdiyi ekoloji terror ilə bu prosesin uzanmasında maraqlı olduğunu təsdiqləyir.
Bir neçə gündür ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyası Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığın nəticəsidir. Ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyin ifadəsi olaraq onlara qoşulanların sayı günbəgün artır. Məlum olduğu kimi, bu ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə vurulan ziyanla bağlı potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, monitorinq baş tutmadı, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşdi. Buna etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi. Bu addımlar Azərbaycan xalqının haqlı şəkildə kəskin etirazına səbəb oldu. Şuşa-Laçın yoluna toplaşan etirazçılar ilk əvvəl sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirdilər. Artıq fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən bütün yataqlarda monitorinqlərin keçirilməsini tələb edirlər. Şuşa- Xankəndi yolunda aksiya keçirən etirazçıların tələbləri belədir:
Ermənistan tərəfi isə ənənəvi şüvənliyinə sadiq qalaraq Azərbaycanın guya Laçın yolunu bağlaması, bölgədə humanitar fəlakət yaşaması, etnik təmizlənmə həyata keçirilməsi barədə dezinformasiyalar yayırlar. Erməni korrupsioner lobbisi vasitəsilə maliyyələşən, indiyə qədər heç bir obyektiv mövqe sərgiləməyən bir çox xarici dövlətlərin rəsmi nümayəndələri, deputatları da yalana xidmət edən bəyanatlarla erməni hay-küyçülüyünə dəstək olurlar. Biz daim bildiririk ki, Qarabağda yaşayacaq erməni əhalisi Azərbaycanın vətəndaşlarıdır, onların hüquq və təhlükəsizliyi məsələsi bizə aiddir. Heç bir qüvvə bizə onlarla bağlı tələb və təkliflərdə çıxış edə bilməz, çünki bu bizim daxili işimizdir. Necə ki, digər millətlərin nümayəndələri Azərbaycanda rahat, sərbəst şəkildə yaşayır, bu qayda erməni millətinin nümayəndələrinə də şamil olunacaq.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayıb, 6-cı bəndin tələbləri kobud şəkildə pozularaq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bənddə tam aydınlığı ilə əksini tapan bölgədə bütün nəqliyyat yollarının və kommunikasiyaların açılmasına maneçilik törədilir. 30 ilə yaxın işğala göz yuman dünya birliyi bu gün də ciddi cəhdlərimizə baxmayaraq torpaqlarımızda baş verən özbaşınalıqları, qanunsuzluqları görməzdən gəlir, əksinə erməni təəssübkeşliyində dayanırlar.
Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir. Təcavüzkar Ermənistan Laçın dəhlizindən istifadə etməklə həmin bölgələrdə yaşayan Azərbaycan vətəndaşı olan erməniləri silahlandırır, separatçı fəaliyyətlər təşviq edilir, ərazilərimizin təbii sərvəti beynəlxalq aləmdə kriminal sima kimi tanınan iş adamları və şirkətlər tərəfindən talan edilir. Bütün bu qanunsuzluqlara tezliklə son qoyulmalıdır. Azərbaycan öz ərazilərində təxribatçı və separatçı qüvvələrə qarşı tədbir görmək haqqına və gücünə malikdir.
Tanınmış erməni analitik Tevos Arşakyan bir neçə gündür davam edən aksiyanı şərh edərkən: “Bir məqamı qeyd edim. Azərbaycanın qarşısında dik dura biləcək ordu varmı? Kimə müraciət edək? Fransaya? İnanın mənə ki, bundan heç nə dəyişməz. Azərbaycanın tələbləri İrəvan tərəfindən yerinə yetiriləcək - bizim arxamızda ruslar yox, fransızlar dursa belə... Azərbaycanlıların gözlərində qaliblik var, bizdə isə - elə ruslarda da – qorxu...” - deyə qeyd edib. Bütün erməni ictimaiyyəti, həmçinin erməni havadarları dərk etməlidir ki, bizim mübarizəmiz haqq mübarizəsidir. Yenə millətimiz yumruq şəklində birləşərək öz səsini dinc şəkildə, sivil qaydada dünyaya çatdırır.
Ermənistan mediasının təxribat xarakterli yaydığı məlumatlara baxmayaraq etirazçılar haqlı səsimizi dinc şəkildə dünyaya çatdırmağa çalışır, beynəlxalq arenanı obyektiv mövqe tutmağa səsləyir. Azərbaycanın guya bu yolu bağlaması və bununla da yaşayış məntəqələrində vəziyyəti mürəkkəbləşdirməsi kimi məlumatlar erməni yalanlarından başqa bir şey deyildir. Aksiya iştirakçıları təcili yardım maşınlarının və mülki avtomobillərin ərazidən keçməsinə şərait yaradır, hətta bəzi ekofəallar Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin kömək almaq məqsədilə ünsiyyət qura bilmələri üçün sosial şəbəkələrdə əlaqə nömrələrini qeyd ediblər. Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların etiraz aksiyasının davam etdiyi ərazidən Rusiya sülhməramlılarının təchizat maşınları maneəsiz keçir.
14 dekabrda - aksiyanın üçüncü günündə Laçın-Şuşa yolunda keçirilən ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların etiraz aksiyasının iştirakçıları əsrlər boyu sülhün simvolu olan 44 göyərçini səmaya buraxaraq bütün dünyaya sülh mesajı verdilər. 44 rəqəmi də torpaqlarımızın azad olunması rəmzidir.
Şanlı zəfərimizlə yekunlaşan Vətən müharibəsindən iki il müddət keçməsinə baxmayaraq Ermənistanın mina terroru hələ də davam etməkdədir. Hər ay vətəndaşlarımız bu terrorun qurbanı olur, ya sağlamlıqlarını itirirlər, ya da ki həyatlarına son qoyulur. Sonuncu belə faciə 14 dekabr tarixində yaşandı. Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 4-ü mülki şəxs, 4-ü hərbçi olmaqla, ümumilikdə 8 nəfər Ermənistanın mina terrorunun növbəti qurbanlarına çevrildi. Belə ki, təmir işləri ilə məşğul olan mülki şəxslər minaya düşdükdən sonra onların təxliyəsi məqsədilə əraziyə gələn hərbçilər də minaya düşüb və onlardan biri aldığı xəsarətlərdən həlak olub.
30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd edən, onların əlilliyinə səbəb olan bu kimi cinayətkar əməlləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq ictimaiyyət bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidir. Beynəlxalq etinasızlıq, heç bir təzyiqin olmaması Ermənistanın cinayətlərini davam etdirməsi üçün daha “əlverişli” imkan yaradır. Hal-hazırda bizə dair qarayaxma kompaniyasına başlayan Qərb dünyası erməni özbaşınalıqlarını, qanunsuzluqlarını görməkdə israrlıdır.
Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir. Ermənistan tərəfi də bu məsələdə bizim qədər həvəskar və təşəbbüskar olmalıdır. 2 ildir ki, Ermənistan sülh danişıqlarını yubatmaqla regionda gərgin vəziyyəti saxlamağa davam edir. Bizim isə hər zaman dediyimiz kimi səbrimizin bir həddi var. 44 gün ərzində Ermənistan da, bütün dünya ictimaiyyəti də bunu yaxşı gördü. Ermənistan torpaqlarımızda həyata keçirdiyi ekoloji terrora, həmçinin separatizmə son qoymalıdır. Rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də hansısa qüvvələrin bu qanunsuz əmələ göz yummasına icazə verəcək.
Nailə Tağızadə