Rusiya sülhməramlıları: erməni himayəçiləri, yoxsa sülh tərəfdarları?!

 

44 günlük Vətən müharibəsində düçar olduğu ağır məğlubiyyətin tam iflasa çevrilməsindən qaçmağa çalışan Ermənistan hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da Azərbaycanla üçtərəfli Bəyannamə imzalamaq məcburiyyətində qaldı. Həmin sənədin 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələrinin geri çəkilməsinə parallel olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki bəzi ərazilərində Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulur.

İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan 10 noyabr Bəyannaməsində ehtiva olunan müddəaları həyata keçirsə də, qarşı tərəf ənənəvi qaydada öz öhdəliklərindən yayınmağa çalışır. Bu məsələdə Ermənistan həmişə olduğu kimi, xarici havadarlarının dəstəyinə arxalanır.

Təəssüf ki, rəsmi İrəvanı destruktiv addımlara həvəsləndirən əsas amillərdən biri də 2 il keçməsinə baxmayaraq, sülhməramlı qüvvələrinin həmin ərazilərdən erməni silahlı qüvvələrini tam şəkildə çıxarmamasıdır. Görünür, Moskvada bəzilərinin fikrincə, bu sülhməramlı qüvvələrin missiyası yalnız və yalnız bölgədəki ermənilərin təhlükəsizliyini təmin etmək və oradan köçüb getmək istəyənləri zorla tutub saxlamaqdır. Digər tərəfdən, bir sıra hallarda ifrat ermənipərəst xarici siyasətbazların rusiyalı sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Qarabağa gəlməsi və orada təxribatçı bəyanatlar səsləndirməsi də Azərbaycan tərəfində haqlı narazılıq doğurur.

Maraqlıdır ki, rəsmi Bakının sərt etirazları nəticəsində rusiyalı sülməramlıların fəaliyyətində müşahidə olunan neqativ hallar arabir səngisə də, bir müddət sonra belə vəziyyət yenidən öz məcrasına qayıdır. Bu əlverişli şəraitdən istifadə edən və hələ də Qarabağ bölgəsindən çıxarılmayan erməni silahlı qüvvələri vaxtaşırı silahlı təxribatlar törədərək yeni hərbi istehkamlar yaratmağa çalışırlar. Onların həmin ərazilərdən çıxarmalı olan rusiyalı sülhməramlılar isə bir növ erməni silahlılarının təhlükəsizliyinin təminatçısı rolunda çıxış edirlər ki, bu da birmənalı şəkildə 2020-ci il noyabr 10-da imzalanmış üçtərəfli Bəyannamənin ruhu ilə ziddiyyət təşkil edir.

3 dekabr 2022-ci il tarixində Azərbaycan tərəfi Qarabağda sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə yoxlama aparmaqla bu torpaqların əsl sahibinin kim olduğunu və Qarabağda baş verən hər bir hadisənin nəzarətimizdə olduğunu göstərdi. Ermənistanla Qarabağı birləşdirən yolun təxminən 3 saat bağlı qalması və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması Qarabağdakı erməni separatçılarını təşvişə saldı. Təəssüf doğuran məqam, Qarabağda baş verən qanunsuzluqların Rusiya sülhməramlı kontingentinin gözü qarşısında baş verməsidir.

“Caliber.az”a verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən, noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd “Kamaz” markalı avtomobil 731 - AB - 61 ER erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilinin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər edib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk ediblər. Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılır.

Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir. Bunu hələ 2016-cı ildə ölkəmizin Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd edib. Şirkətin Xankəndidə ofisi də var.

“Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Valeri Mejlumyandır. Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü Vartan Sirmakesdir. “Base metals”ın icraçı direktoru Artur Mkrtumyandır. 2019-cu ildə “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəməklə ən böyük “vergi ödəyicisi” adını alıbmış. Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın da diqqətini cəlb edib. Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və “Base Metals” sahiblərindən “xərac”ını alır. Təhlükəsizlik məsələsini isə Rusiyanın sülhməramlı kontingenti “həyata keçirir”.  Qarabağdakı sülhməramlıların komandiri general Volkov da onlardan yararlanır və Vardanyanla şərikli qızıl biznesini qurub. Qeyd olunur ki, Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü, anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib. Bu mənada Volkov-Vardanyan kriminal birliyi Azərbaycana qarşı cinayətlərini davam etdirir və təbii sərvətlərimizi talayırlar.

Sülhməramlıların öz mandatlarına zidd daha bir addımı bu yaxınlarda 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etməsidir. KİV-də yayılan məlumatlara görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər. Maraqlıdır ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir. Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur. Noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər burada qalmalı idilər. “Arsax” adlı qondarma “dövlətin” İran vətəndaşlarının pasportuna vurduğu “viza”larda məhz bu tarix göstərilib. Bununla bağlı Azərbaycan tərəfi sülhməramlılardan izahat tələb edib və İrana nota göndərib. İrandan hələ də məsələ ilə bağlı bir cavab gəlməyib. Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov isə ilginc açıqlamaları ilə məsələni daha da qəlizləşdirib. Belə ki, o həm bu məsələ ilə bağlı araşdırma apardıqlarını, həm də onların adi inşaat işçiləri olduğunu deməklə təzadlı bir cavab verib. Sual olunur əgər bu şəxslər adi iinşaat işçiləri idisə dekabrın 13-nə kimi qalacaqları halda nəyə görə məsələ ictimailəşdikdən sonra tələsik şəkildə yola salınıb?

Dəfələrlə Müdafiə Nazirliyi tərəfindən müraciət olunmasına baxmayaraq hələ də Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bununla bağlı “Real TV” əməkdaşının sualına cavab olaraq bildirib:
- Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırıq. Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim baş qərargahın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa, elə də yazırıq”. Sual olunur ki, əgər adlar Azərbaycan tərəfinin göndərdiyi şəkildə qeyd olunursa, sonradan hansı maraqlı qüvvələr bu adları təhrif edərək bu formada təqdim edir?

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəhbərliyi bu missiyanın həm də siyasi mahiyyət daşıdığını dərk etmir. Əgər belədirsə, rəsmi Moskva bu həqiqəti də öz sülhməramlılarına çox aydın şəkildə başa salmalıdır. Əks halda baş verən hadisələr sülhməramlıların sülh naminə deyil, daha təxribatçı fəaliyyətlə məşğul olduğunu göstərir. Bu isə Laçın dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürülməsini zəruri edir.  Bütün cinayətkar şəbəkələrin ifşa olunması, onların dayandırılması, preventiv tədbirlərin görülməsi üçün Laçın dəhlizinin bağlanması şərtdir. Yalnız bununla bölgədəki qeyri-qanuni cinayətkar şəbəkənin qarşısını almaq olar.

                                                                                                          Nailə Tağızadə

2022-12-05 / 16:11
Facebook