Erməni lobbisinin oyuncağına çevrilən Fransa Senatı …

 

15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edildi. Qətnamə uzun illər Minsk qrupunun üzvü kimi, 2 ilə yaxın bir müddətdə isə Ermənistan-Azərbaycan arasında sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş bir ölkə kimi Fransanın qərəzli və birtərəfli siyasi mövqeyini növbəti dəfə bariz şəkildə nümayiş etdirdi. Tamamilə qərəzli və birtərəfli olan qətnamədə milyonlarla azərbaycanlının yaşadığı dəhşətlər, verdikləri qurbanlar, faciələr tamamilə nəzərə alınmayıb.

Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. 

Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Həmçinin ölkəmizi guya ermənilərə qarşı cinayət törətməkdə ittiham edən və istintaqın başlanmasına çağırış edən Fransa öz azadlığı uğrunda mübarizə aparan, müstəqilliyini tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Həmin cinayətlər Qarabağda yaşayan və erməni işğalı ilə mübarizə aparan azərbaycanlılara qarşı da həyata keçirilib.

Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi Ermənistana da sirayət edib. Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin 1 milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar təşkil edirdi. Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransanın daha bir ikiüzlülüyü isə  Paris şəhərindəki "İnsan muzeyi"ndə bu ölkənin müstəmləkəsi olan xalqların 18 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirilməsidir. Bunlar müstəmləkə boyunduruğuna qarşı müqavimət göstərən əlcəzairli partizanların, partizan dəstələrinin rəhbərlərinin, quldur kimi qələmə verilən müstəmləkə boyunduruğuna baş əyməyən insanların kəllə sümüklərindən ibarət kolleksiyadır.  2018-ci il məlumatına görə Paris muzeyinin zirzəmisində 536 əlcəzairli müqavimət hərəkatı üzvünün kəllə sümüyü olub. Bu kəllə sümükləri Əlcəzairin bütün regionlarından olan müqavimətçilərə aiddir. Bu gün Azərbaycanın azad olunmuş ərazilərində də kütləvi məzarlıqlar, skeletlər aşkarlanır.

Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa 17 dəfə nüvə sınağı həyata keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bugünədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzairə təqdim etmək istəmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında qabaqcıl yer tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırıb və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Vətən müharibəsindən indiyədək, yəni ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti var.

Bütün bunlar onu göstərir ki, törətdikləri oxşar cinayətlərə görə Fransa və Ermənistan bir-biri ilə daha da yaxınlaşıb, hər vəchlə beynəlxalq məsuliyyətdən  qaçınıblar. Təcavüzkarlıq Fransa və Ermənistanın dövlət siyasətinin əsas xəttini təşkil edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib ki: “Qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir". Xarici siyasət idarəsinin şərhində qeyd olunub ki: “Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır. Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik".

Fransa Senatı 30 ildir ki, 1 milyondan çox azərbaycanlı qaçqının geri qayıtmaq hüququ haqqında susurdu, indi isə ermənilərin Qarabağa qayıtmasına çalışır. Senat erməniləri açıq şəkildə müdafiə etməklə, Ermənistana hərbi potensialının möhkəmlənməsi üçün çağırışlar etməklə mövcud vəziyyəti daha da qəlizləşdirir, revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir, irqçilik nümayiş etdirir.

15 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verdi və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanladı. Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır. Son 30 ildə dəfələrlə Azərbaycanın çağırışlarına baxmayaraq mədəni irsimizə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərimizə missiya göndərmədi.Əksinə, Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın guya bəzi abidələri dağıtması barədə Ermənistanın iddialarını əsas götürərək UNESCO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq etdi. Azərbaycan xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirdi və yenə də missiya reallaşmadı. Bütün bunlar göstərir ki, UNESCO-nun son illər Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması istisna edilməməlidir.Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın da Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur. Azərbaycanın məhv edilmiş mədəni irsin bərpasında UNESCO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmadığı açıq aydın qərəz kimi qiymətləndirilməlidir.

Fransanın qanunsuz və heç bir reallığa uyğun olmayan qətnaməsinə ilk kəskin reaksiyanı verən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. O, Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyərək bu sənədi Azərbaycanın suverenliyinə qəsd olaraq dəyərləndirdi. Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib. “Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, - deyə Türkiyə prezidenti vurğulayıb. O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.

Senatın Fransanın xarici siyasəti üzərində heç bir səlahiyyəti yoxdur və belə olan halda bu qətnamə heç bir təsirə malik deyil. Qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü Natali Qule qeyd edib ki, qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib. "Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil." – deyə Senat üzvü bildirib. Qətnamədə Azərbaycan rəhbərliyinə qarşı, o cümlədən, Azərbaycanın neft və qaz ixracına sanksiyaların qoyulması çağırışı edilir. Maraqlıdır ki, qabaqdan sərt qışın gəldiyi, Avropanın dərin enerji böhranı yaşadığı bir zamanda irəli sürülən bu təklif olduqca ironikdir. Son aylar Avropa İttifaqı Rusiyanın enerji asılılığından xilas olmaq üçün üzünü Azərbaycana çevirdiyi, Azərbaycanla enerji sazişi imzaladığı bir zamanda Fransa necə özünü Avropadan təcrid edə bilər? 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər. Azərbaycan bu ilin ilk 10 ayı ərzində Avropaya 9,3 milyard kubmetr təbii qaz tədarük edib. İlin sonuna kimi bu göstəricinin 11,5 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrünün faktiki göstəricisindən 40 faiz çoxdur. Fransa bu absurd qətnaməsiylə Avropa İttifaqı ilə əməkdaşlığına da şübhə yaradır. Yoxsa Fransa Ermənistanamı “enerji bazası” olaraq baxır ...  

Belə olan halda biz Fransadan hansı ədaləti gözləyə bilərik? Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalı idi.  Təəssüf ki, biz tam əks fəaliyyətin şahidi olduq. Bu vəziyyətdə Azərbaycan beynəlxalq hüquqa əsaslanan siyasi xəttini yenə əsas götürəcək, haqlı tələblərinin üzərində dayanacaq. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın Ermənistan işğalına qədər beynəlxalq səviyyədə qəbul olunan sərhədlərini tanıyır. Fransa parlamentarilərinin qəbul etdiyi bu qətnamə əslində Fransanın beynəlxalq hüquq əxlaqı ilə uyğunlaşmır. Bu qətnamə əksinə sülhün və ölkələrarası normal münasibətlərin qurulmasına əngə törədən bir təşəbbüsdür. Fransa bu xətalı və qərəzli addımından əl çəkməli, regionun real mənzərəsini qiymətləndirib sülh üçün çalışmalıdır. Əgər bunu bacarmırsa yeni bir böhran yaxınlaşmamış öz daxili işləriylə məşğul olsa daha yaxşıdır.

                                                                                                         Nailə Tağızadə

2022-11-16 / 15:48
Facebook