Azad edilmiş ərazilərin bərpasına 9 milyard manatdan artıq vəsait yönəldilib

 

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasına ümumilikdə 9 milyard manatdan artıq vəsait yönəldilib.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 16-da Milli Məclisdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir qeyd edib ki, azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri Milli Məclisə təqdim edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir.

Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

2022-11-16 / 12:40
Facebook