2022-ci il 8 noyabr tarixində Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə Prezident İlham Əliyevin qətiyyətli çıxışı son dövrlər Azərbaycana qarşı artan təzyiqlərə yerində və anında verilən cavab oldu. Dövlət başçısı Şuşadan həm Ermənistan hakimiyyətinə, həm də Ermənistanın havadarlarına çox vacib mesajlar verdi. Prezidentin çıxışından məlum oldu ki, ölkənin müdafiə xərcləri daha da artacaq və bunun üçün yorulmaz fəaliyyət həyata keçirilir. Çünki dövlətimizin artan gücü bəzi qüvvələri narahat edir. Regionda dəyişən qüvvələr balansı fonunda hərbi gücə malik olmaq olduqca zəruridir. Dövlət başçısı bildirdi ki: “Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq. Mən deyə bilərəm ki, son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!”
Ermənistan 10 noyabr bəyanatında irəli sürülən müddəaları yerinə yetirməlidir. 2 il müddət keçməsinə baxmayaraq Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Ermənistan tərəfindən eyni cavabı hələ də görmürük. Hələ də Ermənistan qanunsuz silahlı birləşmələrini Qarabağdan tam çıxarmayıb, vaxtaşırı hərbi təxribatlar törətməkdə davam edir. Digər bir öhdəlik isə Zəngəzur dəhlizi ilə bağlıdır. Biz Laçın dəhlizi vasitəsilə Ermənistana gediş-gəliş üçün şərait yaratsaq da, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Burada əsas məqam Rusiyanın səssizliyi, bu problemlərin həll olunması üçün heç bir əməli tədbir görməməsi, Ermənistana təzyiq etməməsidir. “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?” – deyə Prezident vurğuladı.
Prezidentin Şuşadan verdiyi mesajlar yalnız Ermənistana deyil, həm də onun havadarlarına, o cümlədən Rusiya və İrana ünvanlanıb. Sülhməramlıların fəaliyyət müddətinin uzadılması ilə bağlı son vaxtlar erməni tərəfindən gələn iddialar dövlət başçısı tərəfindən susduruldu: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Ermənistanı özünün qan qardaşı hesab edən, Ermənistanın təhlükəsizliyini öz qırmızı xətti hesab edən İran son sərhədboyu uğursuz və gülünc təlimləri, Azərbaycan əleyhinə səsləndirdiyi iftiralar ilə illərdir gizlətməyə çalışdığı Azərbaycan qorxusunu açıq şəkildə biruzə verir. Bu nüansı nəzərdə tutan dövlət başçısı: “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz” – deyə bildirdi.
“Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək” – deyə bəyan edən Prezident İlham Əliyev Azərbaycanın sülh tərəfdarı olduğunu, sülhün isə bizim irəli sürdüyümüz şərtlər əsasında mümkün olacağını bildirdi. 2022-ci il ərzində 24-28 mart tarixlərində “Fərrux” əməliyyatı, 3 avqustda “Qisas” əməliyyatı, 13-14 sentyabr tarixlərində isə Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi. Bütün bu hadisələr Ermənistan üçün dərs olmalıdır. Ermənistan anlamalıdır ki, havadarlarına arxalanmaqla heç bir şeyə nail ola bilməyəcək. Revanşizm yenidən baş qaldırsa bu dəfə Ermənistan tamamilə məhv olacaq.
Nailə Tağızadə