Uzun əsrlər boyu İran adlanan ölkədə mövcud olmuş dövlətləri azərbaycanlılar idarə edib, bu dövlətlərin mövcudluğunu qoruyub saxlayıb, onu inkişaf etdiriblər. 1828-ci il Türkmənçay sülh müqaviləsi ilə zorla ayrılan Cənubi Azərbaycan torpaqları bu gün İranın tərkibindədir və orada yaşayan milyonlarla soydaşımız fars şovinizminin qəddarlığı altında mövcudluğunu qoruyub saxlamaq məcburiyyətindədir. 40 milyon azərbaycanlı öz elementar hüquqlarından məhrumdur. Fars şovinizminin “İran” qəzeti isə bu böyük toplumu “tarakan” adlandırır. Son vaxtlar Cənubi Azərbaycan şəhərlərində ardı-arası kəsilməyən etirazlar, soydaşlarımızın azadlıq, demokratikləşmə tələbi ilə baş verən çıxışları onu göstərir ki, onlar öz mübarizələrini davam etdirirlər. Tarixən Cənubi azərbaycanlılar öz azadlıqları uğrunda ayaqlanmış, bütün inqilabların beşiyi Təbriz şəhəri olmuşdur. İranı lərzəyə salan Səttarxan hərəkatı, Xiyabani, Pişəvari və digər milli-azadlıq hərəkatları hələ də unudulmayıb. Bu gün azərbaycanlıları əzən fars rejimi yeni bir dalğanın başlaya biləcəyini gözardı etməməlidir.
İran illərdir Ermənistan üçün nəfəslik rolunu oynayıb, Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz edib və indi də bu fəaliyyətinə davam edir. Hətta Ermənistanda etiraf da olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu o deməkdir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan da məhz İran oldu. Hətta İran Və Ermənistan dəfələrlə çəkinmədən Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan "bir millət, iki dövlət" ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edərək - "ermənilərlə farslar bir millət, iki dövlətdir"- deyə bəyan etmişlər.
İran şirkətlərinin Qarabağda fəaliyyətinə dair açıq mənbələrdə yetərincə fakt var. Şuşada Yuxarı Gövhərağa məscidinin İran tərəfindən fars abidəsi kimi bərpa edilməsi bu qanunsuz və məkrli əməkdaşlığın sübutlarından biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib. İran tərəfi bu məlumatları təkzib etməyə çalışsa da, Şuşanın azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edildiyinə dair faktlar və sənədlər ortaya çıxdı. İran şirkətləriylə yanaşı, bankları da Qarabağda biznes fəaliyyətini həyata keçirib. Məlumatlara görə, İrana qarşı ABŞ sanksiyalarının tətbiqi zamanı pullar Qarabağa gətirilir, daha sonra bu banklar vasitəsilə İrəvandakı banklara köçürülərək, “yuyulur” və “təmiz maliyyə” olaraq dövriyyəyə buraxılırdı. Hətta Ermənistanda qalmaqala səbəb olan “Azərbaycandan köçürülən 221 milyon dollar” məsələsinin əsli də İran banklarının Qarabağdakı qanunsuz fəaliyyətinin bir hissəsidir. Ermənistan parlamentində təmsil olunan “Parlaq Ermənistan” fraksiyasının deputatı Armen Yeqiyazaryan 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dolların köçürülməsi məsələsi ilə bağlı ölkənin Milli Təhlükəsizlik Xidmətinə rəsmi sorğu göndərib. Milli Təhlükəsizlik Xidmətinin cavabında bunun əsassız olduğunu bildirib. Bu iddia Dünya Bankının 2019-cu ildə açıqladığı hesabata əsasən irəli sürülür. Əslində 221 milyon dollar Qarabağdakı İran banklarından Ermənistana köçürülüb. Beynəlxalq hüquqda Qarabağ Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı hesabatında bunu “Azərbaycandan Ermənistana köçürülən maliyyə” olaraq qeyd edir. 221 milyon dollar İrandan Qarabağa gətirilən və banklar vasitəsilə Ermənistan banklarına köçürülərək, “yuyulan” pullardır.
Torpaqlarımızın işğaldan azad edilməsi İranın qanunsuz fəaliyyətinin də əlindən çıxması ilə nəticələndi. Bütün bu faktlara qarşılıq bizim İrana qarşı etiraz etməyimiz gərəkdiyi halda,İran Azərbaycana qarşı şantaj və psixoloji təzyiq xarakterli yol seçib. Qabaqdan gəlmişlik buna deyirlər ... 44 günlük şanlı zəfərimizi İran hələ də qəbullana bilmir. İlk əvvəllər bu qısqanclığı müəyyən rəsmi şəxslərin çıxışlarıyla üstüörtülü şəkildə bəyan etsə də, indi açıq-aşkar şəkildə Azərbaycana qarşı olan kinini bəyan edir. Halbuki özünü müsəlman dövləti adlandıran, şiə dünyasının lideri hesab edən bir dövlət bu mübarizədə başqa yol seçməliydi. Azərbaycan torpaqlarını işğal edərək etnik təmizləmə aparan, 1 milyona qədər insanı torpaqlarından çıxaran, Xocalı, Qaradağlı, Bağanis-Ayrım kimi soyqırımları törədən, dini abidələrimizi təhqir edən, məscidlərimizdə donuz saxlayan Ermənistanla əl-ələ olan İran hansı İslami dövlətdən, İslam dəyərlərindən söz aça bilər? İran sanksiyalar altında inləyəndə belə Azərbaycan bu prosesdə iştirak etməyəcəyini bəyan etdi və bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi. Azərbaycan müstəqillik dövründə İrandan gələn bütün təhlükə və təhdidlərə rəğmən susub reaksiya vermədi. Amma artıq susmaq mümkün deyil, Azərbaycan da öz narahatlıqlarını İrana çatdırmalıdır.
Vətən müharibəsində ədalətli qələbəmizdən sonra İranın Azərbaycana qarşı artan reaksiyası ölkənin demoqrafik baxımdan etnik quruluşunun mürəkkəbliyindən qaynaqlanır. Belə ki, etnik qrupların arasında Cənubi Azərbaycan türkləri ölkədəki ən vacib qrup kimi diqqət çəkirlər. Buna görə Cənubi Azərbaycanda inkişaf edə biləcək millətçi hərəkatlar İranın qorxulu yuxusudur. Azərbaycanın qələbəsi İranda da əks-səda doğurdu və türk kimliyinin möhkəmlənməsində mühüm rol oynadı. Arazın o tayından ordumuzun zəfərini izləyən soydaşlarımız “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirirdilər. İran güclü və müstəqil bir Azərbaycanın Cənubdakı türklərə həm türk kimliyi, həm də dünyəvi quruluş baxımından nümunə olacağından narahatdır. Digər tərəfdən, İran yeni yaranmış geosiyasi vəziyyətlə tamamilə regiondan təcrid olunacağını düşünür. Zəngəzur dəhlizinin reallaşmasını isə bu yolda ən əsas təsir vasitəsi görür. Ona görə də hər vəchlə türk qapısı hesab etdikləri Zəngəzur dəhlizinə mane olmağa çalışır. Azərbaycanın İsrail ilə yaxın münasibətləri İranı narahat edən digər faktordur. Bütün bu səbəblərdən dolayı Tehran rəhbərliyi üçün ən məqbul variant işğalın davamlı olması idi. Bu səbəbdən də 44 günlük müharibə dövründə İran Ermənistana öz torpaqları vasitəsilə yardımların ötürülməsinə göz yumdu, özü də hər cür dəstək göstərdi. Azərbaycan Ordusunun ədalətli qələbəsi Tehranda narahatlığa səbəb oldu. Zəfər paradında Rəcəb Tayyib Ərdoğanın nitqini tənqid etməklə Bakıda keçirilən qələbə paradına, ümumilikdə ordumuzun zəfərinə açıq şəkildə kölgə salmağa çalışdılar. Həmin ərəfələrdə İran Prezidenti yanında Strateji Araşdırmalar şöbəsinin müdiri Hosseini, "Qarabağ müharibəsində Ermənistanı tam dəstəkləməli idik" deyərək İranın məyusluğunu qısa və açıq şəkildə ifadə etmişdir.
Bu gün Azərbaycanda bütün etnik azlıqlar, hər bir millətin nümayəndəsi, hətta ermənilər belə sabit və təhlükəsiz şəkildə yaşayırlar. İran isə öz ölkəsində ermənilərin rifahı üçün münbit şərait yaratsa da, əhalisinin yarsından çoxunu təşkil edən azərbaycanlıların taleyi haqda bunları demək mümkün deyil. İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Ermənilərə verilən sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən azərbaycanlılara verilmir. Digər millətlərin nümayəndələri də azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər. Dünya erməniləri Cənubi Azərbaycan şəhərlərində rahatlıqla qurultay keçirə bildiyi, İranda bu gün erməni məktəbləri fəaliyyətini davam etdirdiyi, ermənilər dini azlıq kimi güzəştli hüquqlara malik olduğu halda, İranda nə Azərbaycan dilli məktəb fəaliyyət göstərir, nə də ki soydaşlarımız rahat şəkildə bir tədbir həyata keçirə bilir. Tez-tələsik yarımçıq tikilidə Qafanda konsulluq açan İran azərbaycanlıların yaşadığı Təbriz şəhərində də erməni konsulluğunun açılacağı ilə bağlı mesajlar verir. Müsəlman-şiə təəssübkeşi olduğunu iddia edən İran məscidlərdə donuz saxlayan, 30 min şiə-müsəlman azərbaycanlını qətlə yetirən, bir milyon şiə-müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanı bəsləməkdən əl çəkmir. İran rəsmilərinin erməni sevgisi əslində bu rejimin mahiyyətini ifşa edən faktdır. İran üçün heç bir din, islam, müsəlman, şiə təəssübkeşliyi, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur, onun üçün yalnız millətçi-aqressiv siyasət və riya üzərində qurulmuş hədəflər var. Dəfələrlə - “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə bəyan edən İran Ermənistan sərhədlərimizi dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda nədənsə buna etiraz etmirdi.
Davamlı və kütləvi etirazlar İranda inqilabın başlanmasını qaçınılmaz edir. Cənubi Azərbaycan şəhərlərində baş verən etiraz motivləri ilə digər əyalətlərdən fərqlənir. Burada etirazlar milli motivlər üzərində qurulur, milli fəallar açıq şəkildə Cənubi Azərbaycanın müstəqilliyini tələb edirlər. Təbrizdə “Azadlıq, Ədalət, Milli Hökumət”, Astarada, Urmiyada “Azadlıq” şüarları səsləndirilir, Xameneinin banneri yandırılır. Soydaşlarımızın ayaqlanmasından qorxuya düşən molla rejimi etiraz aksiyalarına ən qəddar şəkildə müdaxilə edir, Təbrizdə barikadalar quran İran polisi azərbaycanlılara atəş açır. Soydaşlarımız İlham Əliyevi öz prezidentləri olaraq görür, tarixi şəhərimiz Təbrizin küçələrinin divarlarına “Güney Azərbaycan sizin arxanızdadır, Cənab Prezident” yazılı posterlər yapışdırır. Təsadüfi deyil ki, oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev ilə görüşündə Prezident İlham Əliyev bəyan etdi ki: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Prezident: “Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik” – deyə bildirdi.
İranda milli oyanış hərəkatının istiqaməti və arealı genişlənib. Ona görə güneydə soydaşlarımızın milli məfkurəyə istiqamətlənməsi genişlənməkdədir. Azərbaycan artıq İranda yaşayan 40 milyon soydaşımızın acı aqibətinə biganə qalmamalı, susqunluq nümayiş etdirməməlidir. Çünki onlar dünyadakı 50 milyonluq azərbaycanlı ailəsinin mühüm bir hissəsidirlər. İranın qorxulu kabusu artıq reallığa çevrilməkdədir. Bu şəraiti yaradan isə İran özü oldu. İranın şovinist, ədalətsiz yanaşması soydaşlarımızın oyanışına təkan oldu.
Nailə Tağızadə