1 noyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfər etdi. Sonuncu dəfə liqanın sammiti bu ölkədə 2005-ci il martın 22-23-də keçirilib. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci ildə Qahirədə təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Azərbaycan daim İslam həmrəyliyi prinsipini rəhbər tutub və bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Ərəb dövlətləri də həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini ifadə ediblər.
Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti də bu il 1 noyabr tarixinə salınıb. Bu il Əlcəzairdə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.
Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub. 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.
Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1.373,2 min ABŞ dollar olub.
Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.
Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Həmçinin Fransa ordusu öz azadlığı uğrunda mübarizə aparan, müstəqilliyini tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Həmin cinayətlər Qarabağda yaşayan və erməni işğalı ilə mübarizə aparan azərbaycanlılara qarşı da həyata keçirilib.
Fransanın törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi Ermənistana da sirayət edib. Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin 1 milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar təşkil edirdi. Fransanın daha bir ikiüzlülüyü isə Paris muzeylərində bu ölkənin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirilməsidir. Həmin sümüklərin 500-nün əlcəzairlilərə məxsus olduğu bildirilir. Bu gün Azərbaycanın azad olunmuş ərazilərində də kütləvi məzarlıqlar, skeletlər aşkarlanır.
Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev Fransanın Əlcəzair xalqına qarşı törətdiyi vəhşilikləri xüsusi vurğulayaraq bildirdi ki: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır”. Dövlət başçısı Fransanın işğalçılıq siyasəti ilə Ermənistanın işğalçılıq siyasəti arasında analoji oxşarlıq apararaq qeyd etdi ki: “Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı”.
Bütün bunlar onu göstərir ki, törətdikləri oxşar cinayətlərə görə Fransa və Ermənistan bir-biri ilə daha da yaxınlaşıb, hər vəchlə beynəlxalq məsuliyyətdən qaçınıblar. Təcavüzkarlıq Fransa və Ermənistanın dövlət siyasətinin əsas xəttini təşkil edir.
“Lam Əl-Şaml” (sıx əlaqələr çevrəsi) adı altında keçirilən Əlcəzair sammitinin ərəb aləmində həmrəyliyin möhkəmlənməsi istiqamətində mühüm addım olacağı gözlənilir. Daim balanslı və humanist siyasət həyata keçirən Azərbaycan isə ərəb dövlətləri ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, sülh, sabitlik və təhlukəsizliyə öz töhfələrini verəcək.
Nailə Tağızadə