Azərbaycanın növbəti diplomatik uğuru; Soçi görüşü

 

2022-ci il 31 oktyabr tarixində Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Qeyd edək ki, 12-13 sentyabr tarixlərində sərhəddə təxribat yaradan ermənilər bu görüşə çox böyük ümid bəsləyir, diplomatik qalibiyyət qazanacaqlarına inanırdılar. Mütəmadi olaraq atəşkəsin pozulması və Ermənistan tərəfindən davam edən təxribatlar Bakı ilə İrəvan arasında ciddi gərginlik yaşadır. Qərblə Rusiya arasında qalan, seçim acizliyi yaşayan Ermənistan üçün bu görüş növbəti uğursuzluq oldu.

Üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşü keçirildi. Onun "Qarabağ münaqişəsi iki il əvvəl həll edilib və buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatıdır" deməsi diqqət çəkdi. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.

Görüşün yekunları ilə bağlı qəbul olunan Soçi Bəyanatında da Qarabağla bağlı heç bir müddəa yer almayıb. Təsadüfi deyildir ki, Soçi bəyanatı, ümumilikdə üçtərəfli görüş erməni cəmiyyətində məyusluq doğurdu. Erməni analitikləri görüşü Azərbaycanın qələbəsi olaraq qiymətləndirdilər.  Məsələn, erməni siyasi analitik Argişti Kiviryan qeyd edib ki, Soçi görüşündən sonra Azərbaycan lideri İlham Əliyev hər iki ölkəyə öz istəyini yeridə bildi. “Birgə bəyanatın mətnindən məlum oldu ki, Əliyev həm Putini, həm də Nikolu öz yerində oturtdu. Top rusların qapısına vuruldu. Moskva isə Ukrayna meydanındakı uğursuzluqlar, məğlubiyyətləri ilə məşğul olacaq, başı bu cəbhəyə qarışacaq. Yəni bu problemlərinə qlobal miqyasda yanaşacaq. Mənə elə gəlir ki, ruslar Qafqazdakı proseslərlə bağlı da bir sıra addımlar ata bilsələr, o zaman vəziyyət düzələcək”, - deyə erməni analitik qeyd edib. Araşdırmaçı jurnalist Nairi Hoxikyan erməni xalqının yeni bəyanatda Qarabağ məsələsi ilə bağlı aydın müddəaların olacağına ümid etdiyi halda pərişan qalmalarından söz açıb. “Soçi bəyannaməsində Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsinə dair bir kəlmə də yoxdur. Əslində, heç bunu gözləməyə də dəyməzdi. Çünki həmin danışıqlarda iştirak edənlərdən heç biri öz müqəddəratını təyin etmək istəyən bu bölgəyə (Xankəndini nəzərdə tutur-red.) də getməmişdi. Soçi Bəyannaməsi ümumiyyətlə anti-erməni xarakterlidir və o özündə bizim üçün heç bir müsbət fikirlər ehtiva etmir. Azərbaycan üçün isə əksinə, ərazi bütövlüyü xüsusi olaraq qeyd olunur. Xalqların öz müqəddəratını təyinetmə prinsipinə məhəl qoyulmur. Bu, Ermənistan tərəfindən uğurlu işin olmamasının nəticəsidir” – deyə Hoxikyan yazıb.

Avropa İttifaqı missiyasının Ermənistana gətirilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq haqqında müzakirələr aparılması, görüş ərəfəsində Xankəndidə mitinq təşkil edilməsi və ermənilərin Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına etirazı, respublikamızın müstəqilliyinin əleyhinə fikirlər səsləndirmələri, hətta, Rusiyanın bayrağını qaldırmaları Ermənistanın görüşqabağı hazırlığı idi. Ermənistan tərəfinin xüsusi hazırlığına, siyasi şoularına rəğmən əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Azərbaycan diktə edən tərəf oldu. Görüşdən əvvəl İrəvanda bütün erməni rəsmi dairələri, həmçinin Paşınyan özü də açıq şəkildə etiraf etmişdi ki, dünya artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Deməyə başqa söz tapa bilməyən Paşinyanın Rusiya sülhməramlılarının bölgədə 15-20 il qalmasını istəməsi son cəhdləri idi.

Qeyd edək ki, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hadisələri yekun bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Bundan əlavə, Paşinyan və komandası sənədə 2021-ci il 21 may tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma, bu cəhd də fiaskoya uğrayıb. Bütün cəhdlərinin uğursuzluğa düçar olduğunu görən Ermənistan tərəfi birgə bəyanatın qəbuluna mane olmağa çalışsa da, cəhdləri bu dəfə də baş tutmadı. Bu dəfə də bəyanatda “Qarabağ” sözünün işlədilməməsi, “status”la bağlı qeyd olmaması bu məsələnin Azərbaycanın daxili işi olaraq qəbul olunduğunun göstəricisidir. Görüşdə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi və ilin sonuna qədər konkret nəticələrə imza atmaqla bağlı razılığa gəlindi. Həmçinin kommunikasiyaların açılması məsələsi də müzakirə olundu. Azərbaycan savaşdan ötən iki il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib. Soçi bəyantında əvvəlki bəyanatlara istinad olunur. Praqada olduğu kimi, Soçidə də tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdı. Bununla da Ermənistanın Soçi ümidləri də puç oldu.

Bu reallıqlar kontekstində hələ də bəzi qüvvələr işğalçı Ermənistanın təxribatlarına, sərsəm bəyanatlarına dəstək verərək guya problemin həll edilmədiyi, status məsələsinin gündəmdə olduğu barədə əsassız müzakirələrə yol açır, bununla da hadisələrin gedişatına təsir etməyə çalışırlar. Unudulmamalıdır ki, Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün 30 ilə yaxın bir müddət ərzində səbrlə danışıqlara davam etdi. Bu danışıqların bir nəticəsi olmadıqda 44 gün kifayət etdi ki, işğalçı Ermənistana layiq olduğu dərs verilsin. Bununla da Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini bütün dünyaya təqdim etdi. Bu gün reallıq başqa cürdür. Ermənistan qəbul etməsə də kapitulyasiyasını bəyan edib. Azərbaycan öz haqlı prinsiplərini əsas götürərək diqtə edən tərəfdir. 

                                                                                                         Nailə Tağızadə

2022-11-01 / 15:45
Facebook