Ermənistanın mina terroru ...

 

Şanlı zəfərimizlə yekunlaşan Vətən müharibəsindən iki il müddət keçməsinə baxmayaraq Ermənistanın mina terroru hələ də davam etməkdədir. Hər ay vətəndaşlarımız bu terrorun qurbanı olur, ya sağlamlıqlarını itirirlər, ya da ki həyatlarına son qoyulur. Azərbaycan dəfələrlə minalanmış ərazilərin dəqiq xəritələrinin təxirə salınmadan təhvil verilməsinin həyati önəm daşıdığını vurğulasa da, beynəlxalq etinasızlıqdan ruhlanan Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məsələdə də beynəlxalq hüquqa saymazyana münasibətini davam etdirir. Bunun üçün beynəlxalq birlikdən Ermənistana təzyiqlərin artırılmasını istəsək də yenə ikili standartların şahidi oluruq. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistan daha sonra müəyyən təzyiq nəticəsində kiçik qisim mina xəritələrini təqdim etdi ki, onların da etibarlılıq göstəricisi cəmi 25%-ə yaxındır. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.

Ermənistan, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyətini davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yetinməyib, hələ Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir. Bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib. Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist də daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfəri mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.

Ermənilər ərazilərimizdə “sürpriz” minalardan daha çox istifadə ediblər. “Sürpriz” minalar dedikdə tank əleyhinə və digər minaların zərərsizləşdirilməsini mümkünsüz edən qurğu nəzərdə tutulur. Bundan başqa, onlardan “əlavə yükdən azad olunma zamanı işə düşən mina tələsi” kimi istifadə etmək mümkündür. Bu metod əvvəlcə tank əleyhinə, onun üzərində isə piyada əleyhinə minanın basdırılmasını nəzərdə tutur. Təlimatlar “sürpriz” minaların təmizlənməsini qadağan edir, çünki minatəmizləyənin həyatı üçün çox təhlükəlidir. Belə ki, tank əleyhinə (və ya digər) minanı quraşdırıldığı yerdən çıxarmağa cəhd edəndə ilk növbədə alt hissədə yerləşdirilən “sürpriz” mina partlayır, bu da öz növbəsində üst tərəfdə yerləşdirilən əsas minanın partlamasına və ikiqat zərərin yaranmasına səbəb olur. Mütəxəssislərə görə, sürpriz-minaları döşəmək üçün xüsusi hazırlıq lazımdır. Çünki bu proses çox təhlükəlidir və hər hərbçi bunu bacarmaz. Əks halda, onu qoyanın özünü mina partlada bilər. Ekspertlər həmçinin bildirirlər ki, “sürpriz” metodu ilə basdırılan minaların partlaması zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı sıfıra bərabərdir. “Sürpriz” minaya düşənin hətta tikələrini toplamaq da çox vaxt mümkün olmur. Hətta mənfur düşmən minaları işğaldan azad edilmiş rayonların qəbiristanlıqlarında da basdırıb. Məqsəd insanların həlak olan yaxınlarının məzarını ziyarət edərkən, yaxud da dağıdılmış məzarlıqlar bərpa olunarkən minaların işə düşməsi və daha çox insan tələfatına səbəb olmasıdır. 2022-ci ilin ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndləri nəzarətimizə keçdikdən sonra evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələləri aşkarlanıb. Minanın daha çox insan tələfatına səbəb olması üçün qəsdən belə şəkildə quraşdırılması Ermənistanın beynəlxalq konvensiyaları pozması və insanlıq əleyhinə cinayətini davam etdirməsidir. Bu, Ermənistan dövlətinin terrorist fəaliyyətinin bariz nümunəsidir.

2022-ci ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar aşkar olunub.  2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistanın guya minaları istehsal və ixrac etmədiyi barədə bəyanatlarının heç bir əsasının olmadığını nümayiş etdirir. Bütün bunlar təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.

12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatının və hücumlarının əsas başlanğıc nöqtəsi də məhz havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan silahlı qüvvələrinin yerləşən mövqeləri arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub. Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir.

Müharibədən sonrakı dövrdə baş verən 156 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, 2022-ci il 26 oktyabr tarixinədək baş verən mina hadisələrində zərərçəkən 266 nəfərdən 147-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb. ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar vardır. 2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur. Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyani sahələrinin minalanması, o cümlədən tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir.

22 oktyabr 2022-ci il tarixində Ombudsman Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. Azərbaycan XİN-in 25 oktyabr 2022-ci il tarixli məlumatında qeyd olunub ki, Azərbaycan Ermənistanın sentyabrda minalanmanı davam etdirməsinə dair sübutları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Bildirilib ki, Azərbaycan tərəfi bu ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.

Ermənistanın bu fəaliyyəti beynəlxalq hüquq pozuntusudur. Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Həmin konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.

Bu gün dövlətimizin ümdə məqsədi öz imkanlarını səfərbər edərək insanlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri olan minatəmizləmə prosesini mümkün qədər qısa müddətdə başa vurmaqdır. Ermənilər hər vəchlə mina məsələsindən bir şantaj aləti kimi istifadə etməyə çalışır. Onların  əsas istəyi işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Azərbaycanın sistemli fəaliyyəti, bu istiqamətdə atdığı praqmatik addımlar  ermənilərin planlarını puç edir. 2020-ci ilin noyabr ayından bu ilin oktyabr ayına qədər işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmiş yerlərin ümumi sahəsi 56 573 hektar təşkil edir. Bu il üçün tərtib edilən tədbirlər planına əsasən, işğaldan azad edilmiş ərazilərdə 40 min hektar ərazinin minadan təmizlənməsi nəzərdə tutulub ki, hazırda sözügedən ərazilərin 36 min hektara qədəri təmizlənib. Təkcə ötən ötən həftə ərzində 89 mina aşkarlanıb, 381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Həmçinin minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur. Ancaq hər bir halda mina xəritələrinin dəqiq versiyası Azərbaycana təhvil verilməlidir. Bunun üçün beynəlxalq birlik tərəfindən Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalı, erməni terroru cəzasız qalmamalıdır. Mövcud faktlar əsasında dövlət səviyyəsində terroru dəstəkləyən Ermənistanın məsuliyyətə cəlb olunması üçün hüquqi prosedurlara başlamalı, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya və müavinət ilə bərabər, minaların təmizlənməsinə xərclənən vəsait də İrəvandan tələb olunmalıdır.

                                                                                                        Nailə Tağızadə

2022-10-27 / 16:29
Facebook