İranı qıcıqlandıran nədir?

 

İran artıq həftələrdir davam edən daxili iğtişaşları yatırmaq, narazı millətinin dərdini dinləyib razı salmaq yerinə məsuliyyəti öz üzərindən kənarlaşdırır, sərhəddində öz müstəqilliyi üçün “təhlükəli” vəziyyət axtarır. 16 oktyabr 2022-ci il tarixində SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian SEPAH-ın "Aşura" qanadının komandirləri ilə görüşündə İran silahı qüvvələrinin Araz bölgəsində təlim keçirəcəyini bildirdi. Maraqlıdır etirazların hələ də davam etdiyi, vəziyyətin günü-gündən daha da təhlükəli hal aldığı bir zamanda İranı Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində böyükmiqyaslı təlim keçirməyə vadar edən nədir? SEPAH-ın Quru Qoşunlarının bacarıqlarının nümayiş etdirilməsi məqsədilə hərbi təlimlərinin əsas mərhələsi “Qüdrətli İran” şüarı ilə 17 oktyabr tarixində başlandı. Deyəsən İran qüdrətini öz millətinə qarşı qeyri-insani hərəkətlər törətməkdə, hər cür kobud davranışlar nümayiş etdirməkdə, qonşu dövlətlərə isə güc nümayiş etdirməkdə görür. SEPAH rəsmisi Əliəkbər Purcəmşidian çıxışında bildirib ki: “Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri  ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz".

İran artıq dəfələrlə öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcəyi ilə bağlı təhdid dolu bəyanatlarını səsləndirib. Maraqlıdır ki, Prezidentin onların bu iftirasına qarşı əsaslı cavabından sonra da İran yenə bu sərsəm iddianı saxlamaqda davam edir. Dövlət başçısı 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu ittihamlara xüsusi toxunaraq İrana çox sərt mesajlar vermişdi: "... Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Vətən müharibəsi ərəfəsində İrandan fərqli olaraq İsrail Azərbaycanı açıq şəkildə dəstəklədi və İsraildə yaşayan 70 mindən çox Azərbaycan yəhudiləri Qarabağı dəstəkləmək üçün mütəmadi olaraq mitinqlər keçirtdi. İsrailin hərbi texnikasının Azərbaycan ordusu tərəfindən səmərəli istifadəsi, S-300-lər də daxil olmaqla Ermənistanın strateji və hərbi mərkəzlərinə zərbə vurması Ermənistan və İsrail əlaqələrinə mənfi təsir göstərdi. Məhz bu səbəbdən də Ermənistan İsraildəki səfirini geri çağırdı. Ancaq bütün bunlar İsrailin Azərbaycanı dəstəkləməsinə mane olmadı. Ermənistan höküməti dəfələrlə İsrailin Azərbaycanla uzun illərdir davam edən hərbi-texniki əməkdaşlığından və müharibə şəraitində Bakıya silah ixracının dayandırılmasından imtina etməsi tələbi ilə çıxış etsə də İrəvanın bu gülünc tələbi cavabsız qaldı. 12 oktyabr 2020-ci ildə İsrail Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağan edilməsi barədə vəsatəti rədd etdi və İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu göndərdi. İsrail hökuməti Azərbaycana siyasi və humanitar dəstəyini əsirgəmədi.

Bunun əksinə olaraq cənub qonşumuz və din “qardaşımız” hesab olunan İran illərdir Ermənistan üçün nəfəslik rolunu oynayıb, Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz edib və indi də bu fəaliyyətinə davam edir. Hətta Ermənistanda etiraf da olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu o deməkdir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan da məhz İran oldu. Hətta İran və Ermənistan dəfələrlə çəkinmədən Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan "bir millət, iki dövlət" ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edərək - "ermənilərlə farslar bir millət, iki dövlətdir"- deyə bəyan etmişlər.

İranın Ermənistana maliyyə dəstəyi 20 il ərzində 2 milyard dolları ötüb. Siyasi dəstək bir yana, İran Ermənistana hərbi yardım edib. Bu isbatını tapmış dəqiq faktdır. Hətta indi də hərbi yardımın davam etməsi ilə bağlı inandırıcı fikirlər səsləndirilir. İranla Ermənistan arasında hərbi mövzuda rəsmi danışıqlar da aparılır. Hələ 2009-cu ilin iyulunda Tehran-İrəvan sərnişin təyyarəsinin qəzası vacib sirrin üstünü açdı. Qəza nəticəsində içində general da olan 10 İran hərbçisinin həyatına son qoyuldu. Məlum oldu ki, Almaniyada təhsil almış yüksək səviyyəli İran hərbçiləri Ermənistanda, o cümlədən işğal olunmuş ərazilərdə (Kəlbəcərdə) Hava Hücumundan Müdafiə sistemi qururlarmış. Həmin hərbçilərin ailə üzvlərinin məlumatına görə, bu, onların Ermənistana 3-cü ezamiyyəti imiş.

Müsəlman həmrəyliyindən ağız dolusu danışan İran nədənsə öz qonşuluğundakı Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmadı. Bir dəfə olsun haqq səsimizi müdafiə etmədi, işğalın sonlandırılması üçün hansısa bir fəaliyyətə cəhd etmədi. Maraqlıdır ki, İranın Səudiyyə Ərəbistanı, Misir, Pakistan və digər müsəlman dövlətlərlə də problemi var. İsraillə əlaqəmizin kəsilməsinə niyyət edən İran daha sonra bu dövlətlərlə də əlaqələrimizin kəsilməsini gündəliyə gətirəcək. Azərbaycan bütün ölkələrlə münasibətini müstəqil şəkildə həyata keçirir. Bunun üçün hansısa dövlətin göstərişi, yaxud təhdidi nəzərə alınmır. Elə olsaydı ilk növbədə İrana Ermənistanla əməkdaşlığı davam etdirməmək barədə təhdid edən biz olmalıydıq. İrandan fərqli olaraq İsrail isə hər zaman açıq şəkildə Azərbaycana dəstəyini ifadə edib, ərazi bütövlüyümüzü tanıyıb. Hətta Ermənistan İsrailin Azərbaycana dəstəyini azaltmaq üçün İranın təzyiqlərinə məhəl qoymadan səfirlik açmasına baxmayaraq İsrailin Azərbaycanla mövcud olan dərin münasibətində dəyişiklik yarada bilmədi.

İşğal altında olan torpaqlarımız azad edildikdən sonra İsrail şirkətləri  erməni vandalları tərəfindən dağıdılmış infrastrukturun bərpası üçün yardım təklif edirlər. İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaqda maraqlıdırlar. Bu da onu deməyə əsas verir ki, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq gələcəkdə də geniş müstəvidə davam edəcəkdir və yenə Ermənistan, İran reallığa uymayan iddialar səsləndirməklə məşğul olacaqlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan-İsrail əməkdaşlığı, tərəfdaşlığı heç bir üçüncü dövlətə qarşı yönəlməyib, dövlətlərarası sabitliyə, tərəqqiyə xidmət edir.

44 günlük Vətən müharibəsində İran simasını açıq göstərdi: Rusiyadan Ermənistana uçan təyyarələrdəki yük rəsmən elan edilmədiyi və şübhəli olduğu üçün Gürcüstan hava məkanını bu tip laynerlərə bağladı, həmin vaxt Rusiyadan qanunsuz silah-sursatlar İran üzərindən Ermənistana daşınırdı. Əlavə olaraq isə İrandan Ermənistana daşınan onlarla zirehli və hərbi maşınların videosu  internet resurslarında yayıldı.

Azərbaycana qarşı nifrət aşılayan iranlı ekspert, paniranist "siyasi şərhçi" Ehsan Movəhhedian şəxsi Tvitter hesabında ölkəmiz əleyhinə qərəzli fikirlərini davam etdirərək Azərbaycanı yenə də “Bakı Respublikası” adlandırıb. O qeyd edib ki: “Qafqaz bölgəsi ilə bağlı İranın tanınmış 384 ziyalısı ilə aparılmış müsahibənin nəticəsi: Gərginliyin artmasının səbəbi; 52%-i regional aktyorların fəaliyyəti, 31%-i Rusiyanın Ukraynada apardığı müharibə və onun balanslaşdırıcı rolunun azalması, 57% Türkiyənin və 24% İsrailin "Bakı Respublikasının" siyasətinə ən çox təsir edən faktor olduğunu bildirir.

Rəyi soruşulanların 41%-i regiondakı proseslərin Türkiyənin xeyrinə olduğunu , 34% -i isə Bakının maraqlarına cavab verdiyini düşünür".

İran rəsmiləri artıq bir neçə dəfədir bəyan ediblər ki, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”. İran “qırmızı xətt” dedikdə nəyi nəzərdə tutur? SEPAH rəsmisi Əliəkbər Purcəmşidian təlimlərlə bağlı çıxış edərkən: "Bu ilki hərbi təlimlərimiz ötən ilkilərədən fərqlənir. Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada bəzi baş verənlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə  laqeyid yanaşa bilmərik",- deyə, əlavə edib. İki ilə yaxındır ki, Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr İranı ciddi narahat edir. Açıq şəkildə bəyan etməsə də İran dəhlizin reallaşmasının əleyhinədir və hər cür maneə yaratmağa çalışır. İran rəsmilərinin, mütəxəssilərinin fikrincə, bu dəhliz Zəngəzur vilayətini Ermənistandan ayırmaqla Ermənistanı tarixən nəfəslik rolu oynayan İran yolundan məhrum edir və həmin yolun “qorunması” vacibdir.

Bu gün İran əhalisinin tam yarısını təşkil edən 40 milyona yaxın azərbaycanlının hüquqları tapdanır. Qarabağdakı ermənilər üçün "status" tələb edən İran soydaşlarımızın ana dilindən istifadə haqqını belə tanımır. Dünya erməniləri Cənubi Azərbaycan şəhərlərində rahatlıqla qurultay keçirə bildiyi, İranda bu gün erməni məktəbləri fəaliyyətini davam etdirdiyi, ermənilər dini azlıq kimi güzəştli hüquqlara malik olduğu halda, oxşar məsələləri orada yaşayan Azərbaycan türkləri haqqında söyləmək mümkün deyil. İranda nə Azərbaycan dilli məktəb fəaliyyət göstərir, nə də ki soydaşlarımız rahat şəkildə bir tədbir həyata keçirə bilir. Müsəlman-şiə təəssübkeşi olduğunu iddia edən İran məscidlərdə donuz saxlayan, 30 min şiə-müsəlman azərbaycanlını qətlə yetirən, bir milyon şiə-müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanı bəsləməkdən əl çəkmir. İran rəsmilərinin erməni sevgisi əslində bu rejimin tam mahiyyətini ifşa edən faktdır. İran üçün heç bir din, islam, müsəlman, şiə təəssübkeşliyi, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur, onun üçün yalnız millətçi-aqressiv siyasət və riya üzərində qurulmuş hədəflər var.

Bu təlimlər Ermənistanla sərhədi niyə əhatə etmir?! Niyə torpaqlarımızın işğal altında olduğu dövrlərdə bu təlimlər keçirilmədi? Onda İran sərhədində qanunsuz terorçu dəstələr fəaliyyət göstərirdi və bu İran üçün təhlükəli deyildimi?! Biz qonşu dövlətlərlə ərazi bütövlüyünə hörmət, mehriban münasibətlərin bərqərar olmasını istəyirik. Daim İrana da bu prinsipdən yanaşmış, səmimi münasibət bəsləmişik, ancaq İrandan heç vaxt səmimi münasibət görməmişik. İran Azərbaycanla sərhədlərdə əzələ nümayiş etdirməklə onsuz da heç bir şeyə nail ola bilməyəcək. İranın Azərbaycan sərhədlərində hərbi təlim keçirməsi belə düşünməyə əsas verir ki, bu qeyri-dost addımdır və burada heç bir xoş niyyətdən söhbət gedə bilməz.

                                                                                                          Nailə Tağızadə

2022-10-17 / 15:12
Facebook